Yaşar Sultanov: “3, 5, 15 nəfərin istefa şüarını faciəyə çevirməməliyik”
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Turan Tovuz” evdə “Şamaxı” ilə qarşılaşıb. Həmin matçda meydan sahiblərinin azarkeşləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun ünvanına “istefa” şüarları səsləndiriblər.
Məsələ ilə bağlı “Turan”ın keçmiş icraçı direktoru, hazırda Tovuz klubunun Müşahidə Şurasının sədr müavini olan Yaşar Sultanovun fikrini öyrəndik. AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Komanda.az-a açıqlamasında hər kəsin öz mövqeyi olduğunu və bunda təəccüblü bir şey görmədiyini dilə gətirib:
“Bu, qısa zamanda yaranmış emosiyadan doğan partlayışdır. Tovuzdan olan azarkeşlər öncədən tamam başqa arzularla yaşayırdılar. Təbii ki, get-gedə iştah artır. Ayxan Abbasov “Turan Tovuz”da çox böyük işlər görüb. Komanda yaradılıb, tamamilə dəyişilib, yenilənib. Özüm bilirəm ki, orada gecə-gündüz işlər gedir. “Turan Tovuz” hazırda bir çox komandanın arzuladığı pillədədir. Nəzərə almaq lazımdır ki, onların hazırkı heyəti yenicə təşkil edilib. Bu, vulkandır, partlayışdır. Mən burada azarkeşləri də qınamaq istəmirəm. Onlar daha zövqlü futbol istəyirlər. Amma bu, hər oyun alınmaya bilər. Gəlin, belə götürək: “Turan Tovuz” faktiki olaraq, minimum vəzifəsini yerinə yetirib. Yəni, ölkə çempionatının turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar və Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanıblar. Qarşıda daha əzəmətli, həyəcanlı, ciddi oyunlar var. Komanda buna hazırlaşmalıdır.
İndi isə gələk azarkeşlərin etiraz məsələsinə. Axı bu, bütövlükdə stadionun təlatümlü çıxışı deyildi. Ola bilsin ki, orada bir neçə nəfər yığışıb və bunu ediblər. Hər kəsin fikrinə hörmətlə yanaşaq. Özləri bilər, çığırsınlar, qışqırsınlar, amma bu, “Turan Tovuz”un kütləsinin ümumi sədası, hayqırtısı deyildi. Mən həmin matçı televizordan izlədim. Səsləri şəhərdən eşitmək olurdu. Lokal çağırışlar idi, ola bilər. Komandanın rəhbərliyində mən də təmsil olunmuşam. Orada işlərin hansı formada aparıldığını mən də bilirəm. Necə saflıqla, təmizliklə prosedurların reallaşdığını bilirəm. Təəccüblü bir şey görmürəm, hər kəsin öz mövqeyi var”.
Sultanov “Turan Tovuz”un formalaşma dövrü yaşadığını vurğulayıb:
“Deməzdim ki, bu, öncədən xüsusi təyin olunmuş aksiyadır. Bunu lokal emosiyadan coşan həqarət adlandırardım. Sosial şəbəkə hesabımda da yazdım ki, heç nəyə fikir vermək lazım deyil. Komanda yoluna davam etməlidir. Mən bu cür çıxışları müzakirə obyektinə belə, çevirmərəm. 20, 30, hətta 50 nəfərin qışqırması orada heç nəyi həll etmir. Komandanın qarşısında çox böyük məqsədləri var. Növbəti il üçün komandanın proqramı daha geniş düşünülüb. Bunları həyata keçirmək lazımdır. “Turan Tovuz” hazırda bu emosiyalarla yaşayır. Matçlara baxanda müşahidə edilir ki, zövqlü oyun görünmür, amma komanda çempionatın əvvəlində qarşısına məqsəd qoymuşdu. Gələcək üçün biz nələrisə arzu edə bilərik. Məsələn, belə deyək: növbəti mövsüm üçün komandanın planlarından biri ilk dördlüyə düşmək uğrunda mübarizə aparmaqdır. Bu gün isə “Turan Tovuz” özünün formalaşma dövrünü yaşayır. Həmin istiqamətdə də xeyli iş görülüb”.
O, klubun yaradıcısı Vidadi Əhmədov və keçmiş prezident Tahir Yusifovdan da söz açıb:
“Bilirsiz, bizim dövrümüzdə klubun sahibi Tahir Yusifov idi. O, Azərbaycanın ən uğurlu, bacarıqlı iş adamlarından biri idi. Komanda üçün tovuzlu kimi heç nəyi əsirgəmirdi. “Turan”ın yaradıcısı kimi Vidadi Əhmədov bütün varlığını komanda üçün qoydu. O, bundan zövq alırdı. Heç kim onları nəyəsə məcbur edə bilməzdi. Əhmədov öz təşəbbüsü ilə komandanı yaratdı, adını qoydu və həmin adla da komanda yaşadı, şərəfli tarixi dövr keçdi. Ondan bir müddət sonra Tahir Yusifov klubun başına keçəndə, öncə Vidadi müəllimlə görüşdü, məsləhətlər aldı. Nəticədə, o da bu işə böyük həvəslə qoşuldu. Xatırlayırsızsa, o vaxtlar bəlkə də, Azərbaycana ən bahalı futbolçuları gətirmişdi. Ukrayna millisində, Bolqarıstan yığmasında forma geyinmiş oyunçuları ölkəmizə dəvət etdi. Möhtəşəm komanda yaratmışdı. Təbii ki, o vaxtlar maliyyə imkanları indikindən qat-qat çox idi. Stadion yeniləndi, hər şey təzəsi ilə əvəz olundu, yeni avtobus alındı. “Turan” elə indi də çox mükəmməl bir insanla, yaxşı iş adamı ilə sözləşmə imzalayıb. Şəxsən onu tanıdığım üçün belə deyirəm”.
“Turan Tovuz”un keçmiş icraçı direktoru məşqçilərə müdaxilə etməyin futbol adamına yaraşmadığını bildirib:
“Klubda nə baş verirsə, rəhbərliklə razılaşdırılmış şəkildə olur. Məşqçilərə müdaxilə etmək futbol adamına yaraşmır. Təbii ki, mən də istəyərəm ki, güclü futbol görək. Hazırkı durumda bu, mümkün deyil. Ona görə də, hər şeyi razılıqla, anlayışla qarşılayıram”.
Yaşar Sultanov “Klub rəhbərliyi ilə tez-tez əlaqə saxlayırsızmı, məsləhət alan olurmu” sualını belə cavablandırıb:
“Hazırda mən klubun Müşahidə Şurasının sədr müaviniyəm. Əlbəttə ki, tez-tez əlaqə saxlayırıq, danışırıq. Bu çətin anlarda hamını dəstək olmağa çağırırıq. Azarkeşindən tutmuş hər bir klub rəsmisinə qədər, hər kəsi “Turan”la bir yerdə olmağa səsləyirik. Buna da nail oluruq. 3, 5, 15 nəfərin istefa şüarını faciəyə çevirməməliyik. Hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq. Hərənin öz düşüncəsi var. Azarkeş bu gün stadiona gəlirsə, deməli, zövqlü futbol görmək istəyir. Bəlkə də, onu görmür və daxili partlayış yaranır, tələblə çıxış etmək fikri formalaşır. Tribuna azarkeşlərindir. Nə istəyirsə, onu da deyə bilər, desin. Bir daha deyirəm: komandanın məqsədi tamamilə başqadır və bu yolda onlar dayanmadan irəliləyəcək. Yaxın gələcəkdə özünüz də hər şeyi görəcəksiz”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin