“Yaşa, Azərbaycan”a “şıllaq atanlar”ın ölkəsi-futbolu

Rəşad Ergün

Çox hörmət etdiyim, “Əməkdar”, nə bilim, “Zəhmətkeş” adı almayan, heç bir fəxri ünvanı olmayan, amma “jurnalist necə olmalıdır” sualının cavabını özündə, işində daşıyan Aytən Məmmədovanın o günlərdə sosial şəbəkədə bir paylaşımı çıxdı qabağıma. Aytən xanım ürək ağrısı ilə bunları yazmışdı:

“Səhərdən Yasamal rayon Su İdarəsinə zəng eləmişəm ki, “gəlin, ana xətdə problem var, bloku su basıb”. Səhər dedilər ki, gələcəklər. Gördüm ki, günortaya qədər gəlmədilər, bir də zəng elədim. Bu dəfə dedilər ki, idarədəki maşınlar xarab olub, bütün işçilər idarədə oturub, dərhal da telefonun dəstəyini asdı. Qanacağı çatmadı ki, sözümü bitirənə qədər dinləsin.

“Qaynar xətt”ə zəng elədim, bunun da nəticəsi olmadı.

Üçüncü dəfə zəng elədim ki, ay insan, su axır gedir axı… “İki küçə yoldur, gəlin, taksi pulunuzu da verərik”. Yüksək təzyiqli sudur, öz ustamızın eləməsi də məsuliyyətdir. Yenə də telefonu asdı.

Bu cür tərbiyəsiz, məsuliyyətsiz adamları hardan tapıb dövlət strukturlarına doldururlar?”

Bax, bu! Eynən bu!

Cibinə faydası yoxdursa, öz işini görməyən, amma elə ki, məclisə düşdü, yuxarı başa keçib tost deyən, “Yaşa, Azərbaycan” musiqili meyxanasının sədaları altında “şıllaq atan” “vətənşüvənlər”lə, “xalqşüvənlər”lə, saxtakarlarla, “haram”la “halal” arasındakı tək çizgisi donuz olanlarla dolub-daşır Azərbaycan. Su idarələrində, qaz idarələrində, işıq idarələrində, məktəblərdə, xəstəxanalarda, jurnalistikada, futbolda – hər yerdədirlər.

“Zirə”, “Sabah”, “Araz-Naxçıvan” niyə avrokuboklardan üstümüzə köynəkləri tərləməmiş geri döndü, niyə milli komandalarımız xəcalət yerimizdir, niyə Azərbaycan futbolu bu gündədir? – gedin o insandan soruşun. Bakıda evlərdə “krantlar”ın “suuu!” deyərək, mələdiyi dövrdə Yasamal Su İdarəsində oturan, bloku su basmasından narahat olduğu üçün zəng edən vətəndaşın üzünə telefonu qapadan o AZƏRBAYCANLIDAN – o şəxsdən soruşun. Özünüzdən soruşun, özümüzdən soruşaq: niyə, axı, niyə biz beləyik?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button