“Yarıtmaz fəaliyyət” sözünə görə Rəfiyevin şərəf və ləyaqəti təhqir olunubsa, istənilən cəzanı çəkməyə hazıram”
“Sumqayıt” kubunun prezidenti Riad Rəfiyev “Sports.az” və “Matc.az” saytlarının baş redaktorları – müvafiq olaraq Anar Şabanoğlu ilə İxtiyar Əsgərov haqda prokurorluğa şikayət verib.
Səbəb olaraq isə şərəf və ləyaqətinin alçaldılmasını göstərib. Bunu isə konkret olaraq adı çəkilən jurnalistlərin “Sumqayıt” haqda yazılarında Rəfiyevin fəaliyyətini yarıtmaz saymaları ilə əlaqələndirib. Qısası, klub rəsmisinin fəaliyyətinin yarıtmaz olduğunu yazan baş redaktorlar 20 sutkalıq həbslə hədələniblər (!).
Komanda.az məsələ ilə əlaqədar İxtiyar Əsgərovla əlaqə saxlayıb. Əsgərov onunla bağlı ciddi problemin olmadığını bildirib:
“Mənimlə bağlı elə bir ciddi problem yox idi. “Turan Tovuz” “Sumqayıt”a uduzdurulacaq?” – belə bir yazı göstərib soruşdular ki, bu məlumat səndə hardandır? Mən də dedim ki, fakt var, statistik məlumatdır. Yəni, burada şərəf və ləyaqət təhqir olunmayıb. Daha sonra başqa bir yazı göstərdilər ki, burada məlumat səhvdir, dəqiqləşdirilməmiş informasiyalar var. Mən isə bunun cavabında o yazını istinadla qoyduğumu bildirdim. Yəni, dövlət tərəfindən maliyyələşən, Media Agentliyində reyesterdən keçən bir saytın xəbəridir, məlumatıdır. Mən onu istinadla qoymuşam. Burada heç bir məsuliyyət daşımıram. Sonra isə “yarıtmaz fəaliyyət” – yəni, Riad Rəfiyevin şərəf və ləyaqəti burada təhqir olunub. Həqiqətən də, bu sözə görə şərəf və ləyaqət təhqir olunubsa, cəzası nə qədərdirsə, mən çəkə bilərəm. “Yarıtmaz fəaliyyət” sözünə görə Rəfiyevin şərəf və ləyaqəti təhqir olunubsa, mən istənilən cəzanı çəkməyə hazıram”.
Anar Şabanoğlu isə Rəfiyev haqda bunları deyib:
“Riad Rəfiyevin şikayəti başdan ayağa yalan və şər-böhtan üzərində qurulub. Biz bu məsələ ilə bağlı vəkillərlə məsləhətləşib məhkəməyə müraciət etməyi düşünürük. Çox təhlükəli bir presedent yaratmaq istəyir. İndiyəcən Riad Rəfiyevin “daydayı” Elxan Məmmədov daxil, heç kim idman jurnalistlərindən prokurorluğa şikayət etməyib. Halbuki, bəlkə də, həmin Elxan Məmmədovdan çox ölkədə tənqid olunan adam yox idi.
Rövşən Nəcəf, Balakişi Qasımov, Maksud Adıgözəlov, Sərxan Hacıyev və AFFA-nın yeni rəhbərliyi də daim tənqid edilir. Klub rəhbərləri də həmçinin. Məsələn, “Araz Naxçıvan”ın prezidenti Zaur Axundov kimi ağır xasiyyətli, Fariz Nəcəfov, Ehtiram Quliyev kimi tək futbolumuza yox, ölkəmizə böyük xidmətləri olan, Qurban Qurbanov kimi futbol tariximizin canlı əfsanəsi, Rəşad Sadıqov kimi milyonların sevimlisi daim tənqid edilir. Və edilməlidirlər də. Tənqid olmasa, inkişaf mümkün deyil.
Səbəb olsa, ki, mən 26 ilin ali təhsilli jurnalisti kimi heç vaxt belə səbəb vermərəm, məsələn, yuxarıda adı çəkilən adamlardan biri məni məhkəməyə versə, hardasa normal qarşılayaram. Amma məni görün kim məhkəməyə verib? Milyonçu menecer-prezident, Azərbaycan futbolundan milyonları necə, hansı yollarla əldə etdiyi ən azı idman mediasına və futbol camiəsinə bəlli olan Riad Rəfiyev. Olsun, Riad Rəfiyev bununla futbolda öz sonunu gətirəcək. Və indiyə kimi ictimaiyyətin bilmədiyi bir çox yeni faktlar üzə çıxacaq!”
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin