Yarımmüdafiəçimiz Latviya klublarının birində baxışdadır – “Sumqayıt”ın baş məşqçisi
2018/2019 mövsümünün ilk yarısını 1-ci divizionda 30 xalla lider kimi tamamlayan “Sumqayıt”ın əvəzediciləri hazırlıqlarını başa vurmaq üzrədir.
Komanda.az xəbər verir ki, təxminən 2 aylıq fasilədən sonra “Sumqayıt-2” təlim-məşq toplanışını yekunlaşdıraraq, fevralın 7-də 3-cü dövrənin ilk oyununa çıxacaq.
Sumqayıt şəhər stadionunun köməkçi meydançasında “Keşlə” ilə mövsümün ikinci yarısına start verəcək “Sumqayıt-2″nin baş məşqçisi Elbrus Məmmədov klubun saytına hazırlıq prosesini dəyərləndirib:
“Sumqayıt-2″nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm. Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. “Şahdağ”, “Qarabağ-2”, “Uğur” və “Səbail-2″ ilə oyunlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atdıq. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram”.
Elbrus Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib:
“Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim “Qarabağ”dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır”.
“Sumqayıt-2” “Keşlə-2” ilə fevralın 7-də, saat 15:00-da Sumqayıt şəhər stadionunun köməkçi meydançasında üz-üzə gələcək.
Bizi Facebook-da izləyin