Yarasından güc alan “döyüşçü” Yazı+Fotolar
Onun adı çəkilərkən, üzündə böyük yara izləri olan, əzmkar, döyüşkən bir futbolçu göz önünə gəlir. Bu, Frank Riberidir – artıq uzun illərdir “Bavariya”nın formasını geyinən futbolçu.
Frank Riberi 1983-cü il, aprelin 7-də Fransada dünyaya gəlib. Onun uşaqlığı avtomobil qəzasının səbəb olduğu ağrılarla keçib. İki yaşı olarkən, ailəsi ilə birlikdə yaşadığı bu qəza, onun üzündə ağır yaralara yol açır. Sonralar bu haqda danışan futbolçu, hadisəni belə danışır:
“Qəza baş verərkən, maşının arxa hissəsində oturmuşdum. Üzümdə yaralar almağıma baxmayaraq, bu hadisə məni motivasiya etdi. Tanrı mənə bu fərqi verdi. Yara izləri mənim bir parçam oldu, onlarla qürur duyuram, mənə güc verdilər”.
Peşəkar karyerasına bir neçə Fransa klubunda oynayaraq başlayan Riberi, 2005-ci ilin yanvarında 2 milyon avro qarşılığında “Mets”dən “Qalatasaray”a transfer olundu. İstanbul klubu ilə 3,5 illik müqavilə bağlayan futbolçu, 2005-2006-cı il mövsümünün əvvəlində qarşılıqsız olaraq “Marsel”ə transfer olundu.
İki mövsüm Fransa klubunun formasını geyinən Riberi, iştirak etdiyi 69 oyunda 14 qolla yadda qaldı. Onun Fransa karyerası da uzun çəkmədi. O, 2007-ci ilin iyununda 25 milyon avro qarşılığında “Bavariya”ya keçir. 2007-2008-ci il mövsümündə Almaniya kubokunu qazanan Münhen klubu, mövsümün sonunda Bundesliqa çempionluğunu da əldə edir. Həmin mövsüm Riberi Bundesliqada keçirdiyi 28 oyunda 11 qolla yadda qalmışdı.
2009-2010-cu il mövsümündə 26 oyunda 5 qol vuran fransalı futbolçu, növbəti dəfə komandası ilə birlikdə Bundesliqa çempionluğunun sevincini yaşayır.
Riberi 2012-2013-cü il mövsümündə iştirak etdiyi 43 oyunda 11 qolla yadda qalır və həmin mövsüm Almaniyada bütün titulları qazanır. Üstəlik, “Bavariya” 2013-cü ildə Çempionlar Liqasının qalibi olur. Fransalı futbolçu sonralar, həmin il bu titullara baxmayaraq, “qızıl top”u qazana bilməməsinin haqsızlıq olduğunu deyir:
“2013-cü ildə “qızıl top”u mən qazanmalı idim. Həmin mövsüm bütün titulları əldə etdim, amma mənə haqsızlıq edildi. Bunu hələ də qəbul edə bilmirəm”.
Fransa millisinin heyətində ilk dəfə 2006-cı ilin iyununda İsveçrə yığması ilə oyunda forma geyinən futbolçu, ilk qolunu da elə həmin il, İspaniya ilə görüşdə vurur. 2006-cı ildə Fransa millisi ilə birlikdə dünya çempionatının finalına vəsiqə qazansa da, finalda İtaliya millisinə məğlub olur. 2008 və 2012-ci illərdə Avropa çempionatında, 2010-cu ildə isə dünya çempionatında iştirak edən Frank, 2014-cü ildə milli karyerasını bitirdiyini açıqlayır. Ümumilikdə, Riberi yığmanın heyətində 80 oyunda iştirak edib və bu oyunlarda 16 qolla yadda qalıb.
Riberi həm də avtomobil yarışlarının həvəskarıdır. Hətta yarışların birinə köməkçi pilot olaraq qatılıb. 100 saniyədə 2,8 km-ə çatan Riberi, bu haqda “Həmin an qarnınızda möhtəşım bir hiss olur. Yarış maşınında ilk dəfə olurdum və bunu sadəcə “möhtəşəm” adlandıra bilərəm” deyib.
Cari mövsümün sonunda “Bavariya” ilə yollarını ayıracaq Riberi, Münhen klubundan tanrı kimi ayrılacağını deyib. Özünün də bildirdiyi kimi, futbolçu çox çalışmasa, 12 il ərzində bir klubun 11 əsas futbolçusundan biri olaraq qala bilməz. Riberi məhz həmin futbolçulardandır.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin