Yadullayevin tükürpədici etirafı
Azərbaycan futbolunun tarixi başdan-ayağa saxtadır, yalandır!
Bir neçə gün əvvəl keçmiş futbolçu İlham Yadullayevin “Futbol+” qəzetinə müsahibəsindən bir parça diqqətimi çəkdi. Oxudum. Sonra gözlərimi silib, bir daha oxudum. Dəhşət! Fantastika! Mistika!
Yadullayevin adamın qanını donduran həmin açıqlamasına bir daha göz ataq:
“Viləş”in yaxşı vaxtında MOİK-lə Masallıya getmişdik. İlk hissədə bizi çox sıxsalar da, qol buraxmadıq. İkinci hissədə hiss etdik ki, hakimin köməyiylə nəsə edəcəklər. Bir epizodda Alay Bəhramova sürüşmə fəndi etdim. Sumqayıtlı hakimə də elə bu lazım idi. Cibindən “qırmızı” çıxardı. Elxan Müslümov qərara etiraz edincə, ona da “qırmızı” verdi. Çox təcrübəli hakim idi. Başa düşürdü ki, “Viləş”ə kömək üçün bundan yaxşı fürsət ola bilməz. Elxana “qırmızı” göstərəndə Alim Qurbanov yaxınlaşıb etiraz etdi və ona da “qırmızı” göstərdi. Bunu görən Alim hakimə dedi ki, “mən meydandan çıxmayacam”. Hakim “çıx” deyir, Alim də söyüş qoyur ki, öz payıma, çıxan belə-belə olsun. İndi hakim bilmir Qurbanovu necə meydandan çıxarsın. Hamımız da maraqla onların dialoquna qulaq asırıq. Axırda hakim qayıtdı ki, “yaxşı, sən qal, İlhamla Elxan çıxacaqlar”. Alim bu təkliflə razılaşdı. Biz qovulduq, Alim isə qırmızı vərəqəyə baxmayaraq, meydanda qaldı. 9 nəfərlə 0:1 hesabı ilə uduzduq”.
Bu əhvalat hansısa məhəllənin “cayıllar”ının axşamüstü yığışıb, top-top oynadıqları oyunda baş verməyib. Əhvalat loqosu, əsasnaməsi olan, FİFA, UEFA tərəfindən tanınan futbol üzrə Azərbaycan çempionatında gerçəkləşib.
Ötən əsrin sonlarında, yaşadığımız əsrin əvvəllərində futbol üzrə Azərbaycan çempionatlarında oyun alverinin, hakim-futbolçu özbaşınalıqlarının bol olması heç kimə sirr deyil. O dövrlə bağlı çox tükürpədici əhvalatlar, xatirələr var. Həmin dövrə qayıdıb, kimlərinsə yaxasından yapışmaq, olanlara görə hesab tələb etmək çətindir. Amma…
Bütün bu biabırçılıqların üstündən sükutla keçmək də mümkün deyil. Həmin futbol matçlarının nəticələri Azərbaycanda çempionları, kubok sahiblərini müəyyənləşdirib, statistikaya çevrilib, tariximizə yazılıb. Normalda, elə həmin “Viləş” – MOİK oyununun nəticəsi ləğv edilməlidir. Çünki futbol adına ləkəli, rüsvayçı hadisə baş verib, qanun-qayda pozuntusu olub, görüşün nəticəsi keçərsiz sa-yıl-ma-lı-dır! Amma bunu kim edəcək? Rövnəq Abdullayevlə Elxan Məmmədovun AFFA-sı, yoxsa Ramin Musayevin PFL-i? Oyunun canlı iştirakçısı olmuş keçmiş futbolçu özü öz diliylə hər şeyi etiraf edir. Bundan böyük fakt, sübut?
Azərbaycan futbolunun tarixi başdan-ayağa saxtadır, yalandır! Heç olmasa, bunu qəbul edirsiz? (Meydan.tv)
Bizi Facebook-da izləyin