Yadullayev: “Komandamız turnirdə pis çıxış etmədi”

Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə baş tutan görüşü dəyərləndirib:

“Özbəkistan millisi ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən, komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib:

“Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.

Qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millisi üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button