“Xəzər Lənkəran”ın dirilişi
Rəşad Fərhadoğlu
Kürək nahiyəsinə adını, ürəyinə isə özünü həkk etdirərək yaşayan, yoxluğunda belə, ONUNLA yaşayanların sayı minlərlədi. Nəsimi olmasa da, laməkandı. Vətən və dövlət anlayışının ona aidiyyatı yoxdu. Bunu futbolumuzu idarə edənlərdən başqa hər kəs dərk edir. AFFA rəhbərliyinin futboldan anlayışı yoxdusa, onu sevənlərdən anlayışı heç yoxdu.
Dadaşovları Baltik ölkələrində tanımayan çox azdı. Çünki Litvanın ən tanınmış şəxslərindən biri də bu soyadı daşıyır. Bu soyadı daşıyanların vətəndən uzaqlarda kök atıb, məskən qurduğunu bəndəniz də bilmirdi. “Xəzər Lənkəran”ın sayəsində öyrəndim. Qarabuğdayı, bəstəboy, kürəyində bu adın həkk olunduğu idman geyimi olan şəxsi görməyənədək haqqında heç bir məlumatım yox idi. Vətəndən 35-40 ildi çıxan, amma vətəni ürəyindən çıxarmayan 4 qardaşdan kiçiyidi Elçin. “Xəzər Lənkəran”ın yaranmasını qürbətdə öyrənib, ona görə də, yoxluğunu Azərbaycanın bütün cənub bölgəsindən olanlar kimi qəbul etmir, edə bilmir. Görünən odu ki, heç etməyəcək də.
Özündən böyük qardaşı Çingiz uşaqlıq illərini futbola həsr etdiyindən, daha sonra rüşvətə görə karyerasını başlamadan bitirdiyindən, bu ailə üçün futbol həmişə ibadətgah olub. Çingiz özündə görə bilmədiyi karyeranı oğlu Ramində görmək istəyir və bu səbəbdən də, onun peşəkar futbolçu olması üçün əlindən gələni əsirgəmir. İnsaf naminə, oğul Dadaşov yetənəkli olduğundan, atasının və əmilərinin arzusunu çin etmək üçün müəyyən məsafə qət edib. Ən böyük arzusu, AFFA-nın yox etdiyi “Xəzər Lənkəran”da nə vaxtsa forma geyinməkdi. Sual oluna bilər: olmayan komandanın formasını necə geyinəcək axı? Xristian inancına görə, axirət günü İsa peyğəmbər diriləcək və bütün ölüləri dirildəcək. Amma “Xəzər Lənkəran”ın dirilişinə İsa peyğəmbər deyil, AFFA rəhbərliyinin dəyişməsi bəs edəcək. Mübariz Mənsimov, son günlərin “feysbuk” fenomeni olan bu şəxs ərz edib Azərbaycan xalqına, özəlliklə cənub əhlinə “Xəzər Lənkəran” sevgisini. Alternativ sevgi ocağı, seçim ibadətgahı yaratdığına görə, hazırda bu şəxs az qala “xalq düşməni” elan edilib. Anlaşılandı. Azərbaycan adlı ultra-unikal dövlətdə belə şeylər adi haldı.
“Xəzər Lənkəran”ın yaradıcısı Mənsimov olduğundan, yenidən dirilməsi də onun adıyla bağlanır. Çünki mübarizlik başqa xüsusiyyətdi. Adına bənzər bu xasiyyətin onda olduğuna heç kim şübhə etmir.
2018/19 futbol mövsümü bitmək üzrədi. Dadı-tamı olmayan daha bir mövsümü arxada qoyuruq. Mübariz əhval-ruhiyyəsiz, mənasız. AFFA rəhbərliyini bu qane edir. Anlaşılandı, axı atla eşşəyi ayırd edə bilməyən insanlar oturub “şüşəbənd”də. Yüzminlərin sevdiyi komandanın olmadığı çempionata sevinənlərə nə ad qoyasan?! “Xəzər Lənkəran”sız keçən hər ilin, adı olub, varlığı olmayan “Kəpəz”in olmadığı birinciliyin, eynitonlu, rəqabətsiz mühitin Azərbaycan futbolunu nə qədər qabağa apardığını futbolsevərlər bilməz, futbolsökənlər bilər. Bilinən bircə odu ki, Azərbaycanı Siyavuş Novruzov və onun tipdə adamlar nə qədər gözdən salırsa, Azərbaycan futbolunu AFFA rəhbərliyi ondan çox gözdən salır. Olan işdi. “Pis günün ömrü az olar” deyib atalarımız.
Bizi Facebook-da izləyin