“Xorvatiya mənim ölkəmdir, amma bu gün ürəkdən azərbaycanlı idim”

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis həmyerliləri ilə 1:1 hesablı heç-heçəyə razılaşdıqları qarşılaşmadan sonra öncə bunları söyləyib:

  • Uşaqların “performans”ından çox razıyam, onlarla qürur duyuram. Dünyanın vitse-çempionuna qarşı oynayırdıq. Hansı ki, heyətində səviyyəli oyunçular var idi. Azarkeşlərimizi təbrik edirəm. Onların ikinci hissədəki dəstəyi inanılmaz idi. Xorvatiya mənim ölkəmdir, bunun həmişə qürurunu yaşamışam. Amma bu gün ürəkdən azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi oyunlarda yaxşı oyun sərgiləsək də, hesab baxımından üzümüz gülmürdü. Bu dəfə sevindirici nəticə oldu.
  • Zaqreb və Kardiffdə yaxşı oyun, bu gün isə daha yaxşı oyunla ilk xal. Növbəti hədəf nədir?
  • Dünya səviyyəli komandaya qarşı oynadıqda xüsusilə oyunçular 100 faizindən artığını etməlidir. Bir nəfər də ağılagəlməz bir şey etməlidir. Məsələn, bu gün bunu edən Emil Balayev oldu.
  • Riçard Almeyda zədəli olmasaydı, Emin Mahmudov meydana çıxacaqdımı?
  • Emin çox yaxşı futbolçudur. Bəzən oyunda balansı düşünürsən. Müdafiəni də, hücumu da, qarşındakı rəqibi də. Mən Emini oyun qurucusu kimi görürəm. Xorvatiyanın 6-7 ucaboy futbolçusu var. Belə vaxtda biz bunlara diqqət etməliyik. Məşqçi bir nəfərin üstünlüyünü deyil, ümumilikdə komandanı düşünməlidir.
  • Sabit komanda qurmaq üçün bu oyunçular yetərlidirmi?
  • Sualın cavabını bilmirəm. Bizim planımız da odur ki, elə oyunçular olsun ki, tək ürəklə deyil, ağılla oynasınlar. Bu ikisini birləşdirmək qısa zamanda alınan bir şey deyil. Oyunçulara dəstək olmalıyıq. Top səviyyəli komandalara qarşı oyunda gənc futbolçuların səhv etməsi qaçılmazdır. Futbolçulara dəstək olmaq lazımdır ki, gələcəkdə Azərbaycan futboluna qazanılsın. Mən Renat Dadaşova şans verəndə, çox tənqid olundum. Ancaq bir müddət sonra “Vulverhempton” onu aldı. Deməli, onda nəsə var idi. Kiminsə potensialının olması bəs etmir, gərək şans da verilsin.
  • İkinci dəfə Xorvatiyanı xorvat məşqçi ilə büdrətdik. Xorvatiyanı daha yaxşı tanımağınızın nəticə ilə bağlılığı varmı?
  • Bəlkə də səbəblərdən biri də budur. Xorvatiyanı mental cəhətdən bilmək bəlkə də, mənə üstünlük verir. Macarıstanla oyuna daha yaxşı hazırlaşmışdıq. Onların üstün tərəfini də bilirdik. Ancaq bəzən bunlar bəs etmir. Slovakiya ilə oyunda hesab 0:2 olanda dönüş çətin idi. Bir top fərqi olanda geri dönüş etmək daha asan olur. Bir oyunda hansısa səhv həlledici ola bilər. Belə nüanslar da nəticəni gətirir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button