AFFA rəsmisindən uşaqlara enerji içkisi verən futbol klubu ilə bağlı AÇIQLAMA
“Xocalı” uşaq futbol komandasının rəhbərliyinin azyaşlı uşaqlara məşqlərdə enerji içkiləri verdiyini xəbər vermişdik.
Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır. Klubun qanuna məhəl qoymaraq, məşqlərdə azyaşlı uşaqlara istifadəsi qadağan edilən enerji içkisi verməsi narazılıqlara səbəb olub. Bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Firuz bəy, Komanda.az-a açıqlamasında, klubun AFFA-ya bağlılığı olmadığını, buna baxmayaraq, federasiya tərəfindən klubla əlaqə saxlanıldığını bildirib:
“Xocalı” klubunun AFFA-ya hər hansı bağlılığı yoxdur və AFFA-nın təşkil etdiyi turnirlərdə iştirak etməyiblər. Buna baxmayaraq, AFFA-nın uşaq futbolu departamentindən klubla əlaqə saxlanılıb və komandanın baş məşqçisi ilə danışılıb. Və bildirilib ki, uşaqlara zərərli qida məhsullarının, istifadəsi nəzərdə tutulmayan içkilərin verilməsi yolverilməzdir. Yenə qeyd edirəm ki, klubun AFFA-ya heç bir bağlılığı yoxdur”.
AFFA rəsmisi, məsələ ilə bağlı qurum tərəfindən kluba cəza verilməyəcəyini də qeyd edib:
“AFFA-nın hər hansı kluba cəza və cərimə sanksiyası tətbiq etməsi üçün intizam qaydaları mövcuddur. Bunlar da ancaq AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edən klublara aiddir. “Xocalı” klubunun da heç bir komandası AFFA-nın yarışlarında iştirak etməyib”.
Bizi Facebook-da izləyin