“Xocalı” klubunun prezidenti: “Uşaqlar ağlayaraq, enerji içkisi istəyiblər”
“Xocalı” uşaq futbol komandasının rəhbərliyinin azyaşlı uşaqlara məşqlərdə enerji içkiləri verdiyini xəbər vermişdik.
Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır. Klubun qanuna məhəl qoymaraq, məşqlərdə azyaşlı uşaqlara istifadəsi qadağan edilən enerji içkisi verməsi narazılıqlara səbəb olub. Məsələ ilə bağlı “Xocalı” klubunun prezidenti İlkin Hacıyevlə əlaqə saxladıq. Hacıyev, Komanda.az-a açıqlamasında, enerji içkisinin uşaqlara klub tərəfindən deyil, uşaqların valideynləri tərəfindən verildiyini bildirib:
“Bizim üçün hər zaman klubun adı daha önəmli olub. Əsas məqsədimiz uşaq futbolunun kütləviliyini artırmaq və “Xocalı” adını beynəlxalq arenada tanıtmaqdır. “Xocalı” klubuna nə qədər şirkətlərdən əməkdaşlıq təklif edilsə də, bundan imtina etmişik. Çünki klubun adı bizim üçün çox önəmli olub.
Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və ola da bilməz. Sadəcə, orda uşaqlar ağlayaraq, enerji içkisi istəyiblər. Hər uşağın valideyni yanında olub və onlar alıblar. Valideynlər tərəfindən atılan addım olub və bu bilməyərəkdən paylaşılıb. Məsələdən xəbər tutan kimi dərhal postu sildirmişəm. Burda anlaşılmazlıq olub. “Xocalı” klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir.
Mənim üçün maraqlıdır ki, niyə bizim uğurlarımız olanda heç kim bizimlə maraqlanmır? Hansısa xırda səhv olan kimi qınaq obyektinə çevrilirik”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin