Xayme Romero: “Qarabağ”ın hədəfi Avropada çıxış etməkdir”

“Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Sileks” klubuna qarşı keçirdikləri oyunu (4:0) şərh edib.

Komanda.az xəbər verir ki, ispan futbolçu, ölkəsinin AS nəşrinə açıqlamasında rəqibin qapısına vurduğu qol barədə də danışıb:

“Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı”.

Matçın 11-ci dəqiqəsində hesabı açan 30 yaşlı vinger, belə bir klubda çıxış etdiyi üçün özünü xoşbəxt saydığını bildirib: “Burada hər şey çox yaxşıdır. Şəhər, rahatlıq, bir sözlə, vəziyyət məni qane edir. Ötən mövsüm çempion olduq və Avropa Liqasında çıxış etdik. “Qarabağ”da özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir”.

“Qarabağ”ın Çempionlar Liqasında qrupa düşmək şanslarını dəyərləndirən Romero bildirib ki, bu, çox çətin olacaq: “Çünki növbəti mərhələlərdə güclü rəqiblər olur. Amma klubun hədəfi Avropada çıxış etməkdir. Çempionlar Liqasına düşə bilməsək, Avroliqada ötənilki nəticəni təkrarlamağa çalışacağıq”.

Keçmiş komanda yoldaşları Dani Kintana və Miçel Maderadan söz açan futbolçu, onlarla yaxşı vaxt keçirdiyini deyib: “Amma onlar məni burada tək qoydular. Xoşbəxtlikdən “Qarabağ”ın əvəzedici komandasında oynayan qardaşım Daniel mənimlə qalır”.

Bu həftə Azərbaycan Premyer Liqasının start götürəcəyini xatırladan oyunçu, bunun böyük məsuliyyət olduğunu vurğulayıb: “Əsas məqsəd rekordları yaxşılaşdırmaq və ötən mövsümkündən çox qol vurmaqdır”.

Xayme Romero 2019-cu ilin yayından “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button