Xavi Munyos: “Qarabağ” ÇL-in qrupunda oynamağa layiqdir”
“Linkoln”un baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab qarşılaşmasından sonra (0:4) mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, son dəqiqəyə qədər mübarizə apardıqlarını deyib:
“Qonaqpərvərliyə görə Bakı əhalisinə, “Qarabağ” Futbol Klubuna və jurnalistlərə təşəkkür etmək istəyirəm. Oyunun ilk dəqiqələrindən bizim üçün çətin oldu. Bunu gözləyirdik. Oyunçularımla və klubun rəhbər şəxsləri və texniki heyəti ilə qürur duyuram. Rəqib qələbəyə layiq idi. Onlar üstün futbol nümayiş etdirdilər. Son dəqiqəyə qədər mübarizə apardıq. Bütün oyunlarda bunu nümayiş etdirəcəyik.
Hər oyun üçün planımız olur. Bəzən həmin plan alınır, bəzən isə yox. “Qarabağ”ın heyətində üstün keyfiyyətlərə malik futbolçular var. Onlar erkən qol vurdular. Bizim planımız baş tutmadı. Əks-hücumlar edəcəyimizlə bağlı plan qurmuşduq, lakin alınmadı.
Artıq “Qarabağ”ın oyununa bələdəm. Onlar istənilən komandanı məğlub edə bilərlər. “Rakuv”la oyun asan olmayacaq. Baş məşqçiləri və oyunçuları bu sözü deməyə imkan verir. Qrup mərhələsində oynamağa layiqdirlər”.
Xatırladaq ki, Cəbəllütariq təmsilçisi iki görüşün nəticəsinə əsasən, Ağdam klubuna 1:6 hesabı ilə uduzub və turnirlə vidalaşıb. Bu komanda mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin