“Barselona” Xavi ilə vidalaşacağını rəsmən açıqlayıb
“Barselona”nın baş məşqçisi Xavi mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisə bu barədə klub prezidenti Xuan Laporta ilə görüşdə məlumat verilib.
Komanda Xavinin rəhbərliyi altında son oyununu mayın 26-da, İspaniya La Liqasının 38-ci turunda “Sevilya”ya qarşı keçirəcək.
Yanvarın sonunda Xavi mövsüm bitincə komandadan ayrılacağını açıqlamışdı. Lakin aprel ayında tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini bəyan etmişdilər.
Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Kataloniyalılar 2022/23 mövsümündə İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.
Daha əvvəl “Barselona”nın yeni baş məşqçisinin əvvəllər “Bayern”də və Almaniya millisində çalışmış Hans-Diter Flikin olacağı barədə məlumatlar yayılıb.
La Liqanın son turu öncəsi “Barselona” 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin