Xasay Həsənli: “Buna da şükür”
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanması haqda danışıb.
Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan 21 yaşlı idmançı qalib gələ bilmədiyi üçün üzüldüyünü deyib:
“Çıxışım məni tam qane etmədi. Bura çempion olmağa gəlmişdim, ikinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq”.
O, qitə birinciliyinin ilk üç görüşündə asan qələbə qazandığını bildirib:
“Ancaq finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacam”.
Xasay Həsənli turnirin finalında moldovalı Aleksandrin Qutuya 3:6 hesabı ilə məğlub olub.
Bizi Facebook-da izləyin