“Xəzər Lənkəran”ın dağılmasını heç gözləmirdim” – Müsahibə
Hazırda Təbrizin “Traktor” klubunda baş məşqçi işləyən türkiyəli məşhur futbol mütəxəssisi Mustafa Dənizli “Yeni Sabah”a müsahibə verib.
Komanda.az həmin müsahibəni təqdim edir:
- “Traktor”a böyük ümidlərlə gəldiz. Komandanızla bağlı builki hədəfləriniz nələrdir?
- Biz buradakı insanlara, həm ölkədəki, həm ölkədən kənarda olan “Traktor” azarkeşlərinə çox gözəl şeylər yaşatmaq istəyirik.
- “Traktor” illərdir çempionluq gözləyir. Bu yöndə çalışmalar necə gedir? Çempion ola biləcəksiz?
- Çalışmalar yaxşı gedir. Burada hər kəs işinin peşəkarıdır. Klub rəhbəriyi də, futbolçuları da, azarkeşləri də işinin öhdəsindən yaxşı gəlir. Allahın köməyi ilə bu il çempion ola bilərik.
- Transfer məsələsi nə yerdədir? İndidən bu barədə çalışmalarınız var?
- İndi transfer dönəmi artıq bitib. Yeni transfer yoxdur. Amma qışda minimum bir transferə ehtiyacımız olacaq.
- Siz burada da çalışmısız. Azərbaycanda maraqlandığınız futbolçu varmı?
- Hamsını izləyirik. Qarşımızda uzun müddət var. Ad çəkmək doğru olmaz.
- İranda, Təbrizdə futbola maraq hansı səviyyədədir? Azərbaycanla fərq var?
- Maraq var, amma bütünlüklə yoxdur. Yalnız bəzi bögələrdədir. Bunlardan biri də Təbrizdir. Belə baxanda, burada futbola maraq Azərbaycanla eynidir.
- Sizin Mübariz Mənsimovla yaxşı münasibətləriniz var. “Xəzər Lənkəran”da işlədiyiniz vaxtlarda klubun dağılacağı ilə bağlı onunla söhbətləriniz olmuşdumu və ya bunu hiss etmişdinizmi?
- “Xəzər Lənkəran”ın dağılmasını heç gözləmirdim. Bu, bir sürpriz oldu. Mübariz bəy orada yaxşı işlər görmək istəyirdi, sonra nə oldu, bilmirəm.
- “Xəzər Lənkəran”ın yenidən çempionata qayıdacağı ilə bağlı iddialar var. Mübariz bəy bununla bağlı sizə nəsə deyib?
- Mübariz bəylə biz bir neçə ay öncə danışmışıq. Mən 4 aydır ki, İrandayam. “Xəzər Lənkəran”ın yenidən liqaya qayıtması ilə bağlı hər hansı söhbətim olmayıb.
- Fikrət Ormanın istefasından sonra Mübariz Mənsimovun “Beşiktaş”a prezident olacağı iddia edilir. Sizcə, o, bu vəzifəyə gələ bilər? Gəlsə, bu, İstanbul klubuna necə təsir edər?
- Niyə də olmasın? Ola bilər. Bəli, Mübariz bəy “Beşiktaş” klubunun rəhbərliyində, idarəçiliyində olub. Futbol camiəsində də sevilən bir insandır.
- “Beşiktaş” hazırda turnir cədvəlində son pillələrdədir. Sizcə, problem nədədir? Baş məşqçi Abdullah Avcı nə etməlidir?
- Abdulla Avcı mənim çox yaxşı dostumdur. Onunla davamlı olaraq, bu barədə danışıb, söhbət edirik. Bunlar böyük hadisələr deyil. Məsələn, keçən il “Fənərbaxça” da eyni şeyləri yaşadı. Bu hadisələr bütün klublarda yaşana bilər. Lakin böyük klublarda daha çox səs-küy yaradar.
- “Qalatasaray” UEFA Çempionlar Liqasında PSJ (Fransa), “Real” (Madrid, İspaniya), “Brügge” (Belçika) klubları ilə eyni qrupdadır. İstanbul təmsilçisinin qrupdakı şanslarını necə dəyərləndirirsiz?
- Aldığı nəticələrə baxsaq, çox böyük surpriz yoxdur. Qrupdakı ən yaxın rəqibi “Brügge”dir. Belçikada da 1 xal almağı bacardı. Bu, “Qalatasaray” üçün üstünlükdür. “Qalatasaray” “Brügge”nı məğlub edərsə, böyük ehtimalla qrupdan çıxar. Amma özünüz də görürsüz, “Real”ın qrupda sadəcə, adı var. O, əvvəlki gücündə deyil. “Qalatasaray” onu ən güclü vaxtlarında da məğlub edib, indi də məğlub edə bilər. PSJ ilə matçdakı hər hansı başqa nəticə belə sürpriz olmazdı. Çünki “Qalatasaray” məğlub oldu. Ümumi baxsaq, mən “Qalatasaray”ın Avropada qalacağına inanıram.
- “Qalatasaray”ın yeni transferlərinin oyununu necə qiymətləndirirsiz? Onlar gözlənilən nəticəni verdimi?
- Orada ön plana çıxan Jan Seridir. O daha yaxşı “performans” nümayiş etdirir. Falkao dünya futbolunda önəmli yer tutmuş biridir. Ondan gözləntilər çox yüksəkdir. Lakin, möcüzə gözləmək lazım deyil. Düzdür, yaxşı qol vurma bacarığına sahibdir, amma hücumçu təkbaşına deyil, çevrəsi ilə iş görməlidir. Gözləntilər nə qədər çoxdursa, bunun qarşılığını ala bilmədilər. Amma qarşıdakı günlərdə bunun qarşılığını görəcəklər.
- Bu il Türkiyə çempionatından gözləntiləriniz nələrdir? Çünki Super Liqa bu mövsüm çox gərgin başladı. “Fənərbaxça” prezidenti Ali Koç ilə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim arasında söz savaşı başlayıb…
- Nə futbolda, nə iqtisadiyyatda, nə siyasətdə heç bir gərginliyə ehtiyac yoxdur. Nəticədə bu, futboldur. Dünyada necə olduğunu görürük. Futbol 90 dəqiqəlik rəqabətdir. Təbii ki, rəqabət olmalıdır, amma bunun hər gün gündəm olması çox yaxşı bir şey deyil.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Düdejanj” (Lüksemburq), APOEL (Kipr) və “Sevilya”ya (İspaniya) rəqib olub. Sizcə, Ağam təmsilçisi bu dəfə qrupdan çıxa biləcək?
- İzləyirəm. “Qarabağ” son illərdə Azərbaycan futbolunu çox yaxşı təmsil edir. Çox güclü rəqiblərlə oynayır. Ötən illərdə “Atletiko”nun qrupdan çıxmasına imkan vermədi. “Qarabağ” Azərbaycan futbolunun üz ağardanıdır. İnşallah, qrupdan çıxar. Burada da “Qarabağ”a böyük maraq var.
- “Qarabağ” keyfiyyəti və təcrübəsi ilə fərqli klubdur. Hər zaman da bu yarışın içindədir. Sadəcə rəqibləri dəyişir. “Qarabağ” bu qrupda böyük üstünlüyə sahibdir.
- Azərbaycan milli komandasını izləmirsiz? Sizcə, millidəki uğursuzluqların səbəbi nədir?
- Milli komandanızı da izləyirəm, amma futbolçularla tam tanış deyiləm. Deyəsən, komanda tam formasında deyil. Mənim zamanımda həm azərbaycanlı, həm xarici çox yaxşı futbolçular var idi. Azərbaycanın yaxşı futbol bazalarına sahibdir, çalışan məşqçiləri var. Gözəl şeylər etmək istəyirlər. Amma izlədiyim qədəri ilə Azərbaycan xalqı bu görülən işlərin nəticəsini görə bilmir.
- Burada işləmisiz. Azərbaycanda potensiallı futbolçular yoxdur, yoxsa yetişdirə bilmirik?
- Yaxşı, keyfiyyətli futbolçular var, amma yetərli deyil.
Naibə Məmmədova
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin