Vuyoviç: “Araz”ın bu sahədə təcrübəsi çoxdur”

“Araz”ın futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsindəki rəqiblərindən olan Finlandiya “Kampuksen Dinamo”sunun baş məşqçisi Vasko Vuyoviç püşkü dəyərləndirib.

Komanda.az xəbər verir ki, Monteneqrodan olan mütəxəssis xüsusilə də “Araz”la oyunda ehtiyatlı olmağın vacibliyini vurğulayıb:

“Bu yarışda komandaların fiziki hazırlığı xüsusi rol oynayacaq. Adətən qrupun ən yüksək reytinqə malik iki komandası son turda üz-üzə gəlirlər. Növbəti mərhələyə yüksələcək yeganə iştirakçının kimliyinə bu matçda aydınlıq gətirir. Ona görə də ilk iki oyunda mümkün qədər xal itkisinə yol verməməlisən. Buna görə də komandanın üzvləri fiziki cəhətdən hazır olmalıdırlar ki, mübarizəni son saniyəyə qədər davam etdirməyi bacarsınlar.

Təbii ki, püşkə əsasən qrupun bir nömrəli komandaları arasında ən güclüsü bizim “kvartet”də yer alıb. “Araz”ın bu cür yarışlarda çoxillik təcrübəsi var. Hətta onlar bir neçə dəfə yarışın mükafatçıları sırasına düşüblər. Onlarla bərabər digər güclü komanda Serbiya FON-u idi. Bu komanda E qrupunda yarışacaq. Bizim bəxtimizə isə ən güclüsü düşdü. Onların heyətlərində bir neçə güclü futzalçı var.

Diqqəti yalnız favortilə oyuna yönəltməyəcəyik. Bütün komandalar bizim üçün ciddi rəqiblərdir. Çünki hər biri öz ölkəsinin çempionudur və bura daxili yarışda rəqiblərini məğlub edərək vəsiqə qazanıblar. Ona görə də hər birinə hörmətlə yanaşmalıyıq.

İyul-avqust aylarında ciddi hazırlıq keçəcəyik. İdmanın ən nüfuzlu klub yarışında iştirak etmək bizim üçün böyük imtiyazdır. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək”.

Komandanın kapitanı Mikko Kytöla isə bunları deyib: “Rəqiblərimizin hazırkı durumu barədə ətraflı məlumata sahib deyiləm. Ona görə də fikir yürütməkdə çətinlik çəkirəm. Həm də koronavirusun komandalara mənfi təsir göstərdiyini istisna etmirəm. Çalışacağıq qarşıdakı günlərdə daha çox məlumat əldə edək. Ancaq biz istənilən halda ortaya keyfiyyətli oyun qoymalıyıq. “Araz”ın bu sahədə təcrübəsi çoxdur. “Raba” da avrokuboklarda gücünü sınayıb. Məşqçi heyətimiz bizi ətraflı məlumatlandıracaq. Onu deyə bilərəm ki, məşqlərimizi davam etdiririk”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button