Vüqar Həşimovun xatirə turniri bərpa olunur – bu dəfə Şəmkirdə olmayacaq
Bu ilin sonunda Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat superturniri keçiriləcək.
Komanda.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğuyla baş tutacaq memorial dekabrın 17-də start götürəcək.
7-ci Vüqar Həşimov memorialı rapid və blits şahmat üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək.
İlk dəfə 2014-cü ildə baş tutmuş Vüqar Həşimov memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. Ötənilki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
Vüqar Həşimov memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda və ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
Bizi Facebook-da izləyin