“Vulverhempton”dan 33 milyon avroluq transfer
Futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Qonsalo Qedes İspaniyanın “Valensiya” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı vinger bundan sonra karyerasını İngiltərənin “Vulverhempton” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Vulverhempton” bu keçidə görə “Valensiya”ya 32.6 milyon avro ödəyib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
“Valensiya” Qedesi 2018-ci ilin yayında PSJ-dən 40 milyon avroya transfer etmişdi. Portuqaliyalı futbolçu La Liqa təmsilçisinin heyətində keçirdiyi 178 oyunda 36 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub.
Qonsalo Qedes “Benfika”nın yetirməsidir. O, PSJ-yə də məhz bu klubdan transfer olunmuşdu. 2015-ci ildən Portuqaliyanın əsas millisinə dəvət alan futbolçu, yığmada 32 oyuna 7 qol vurub.
“Valensiya” qapıçısı Yasper Silleseni də Niderlandın “Neymegen” klubuna satıb. Niderland təmsilçisi bu keçidə görə İspaniya klubuna cəmi 1 milyon avro ödəyib. Futbolçu köhnə-yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Yasper Sillesen məhz “Neymegen”in yetirməsidir. Kayrerası ərzində “Ayaks” və “Barselona” klublarının da formasını geyinmiş təcrübəli qolkiper, 2019-cu ildən “Valensiya”da çıxış edirdi. O, bu komandanın heyətində 67 oyuna çıxıb. Sillesen Niderland yığmasında da 63 oyun keçirib.
Bizi Facebook-da izləyin