viRUS
Rəşad Fərhadoğlu
Eramızdan əvvəl nə olub, necə olub, harda olub, bilmirəm. Bildiyim odur ki, bizim indiki versiyamızla eramızdan əvvəlki variantımız arasında ciddi fərq yoxdur. Fərqlənmənin olmaması xalq olaraq hər sahədə, hər xüsusiyyətdə qüsursuz olmadığımız anlamı daşımır. Yaranış həngaməmiz yazıldığı kimidirsə, onda Allah əvvəl azərbaycanlıları yaradıb. Daha sonra ilk “sənət əsəri”ndəki səhvlərini aradan qaldırmaqla digər xalqları yaradıb. Buna inanmaq üçün virusla mübarizə texnologiyamıza, Şah İsmayıl Xətainin gecə yarısı atını minib yerini dəyişməsinə, Prezident Administrasiyasının siyasətin “anasını ağladan” bəzi ünsürləri ayrı-ayrılıqda qonaq etməsinə nəzər salmamız yetərlidir. Bizimkilər nəsilliklə Roma Papasının yanından gəlməsindən bir ay keçməmiş, müqəddəs taxt-tac sahibinin virusa yoluxması Azərbaycanın taxt-tacını vəlvələyə salıb. O səbəbdən də, ölkədə virusun yayılmasına hər cür kömək olunur ki, o tərəfə gedənlər darıxmasın, özüylə bütöv bir xalqı aparsın. İstanbul meri demiş, hər şey çox yaxşı olacaq.
Xəstəlikdən söz düşmüşkən, Azərbaycan əhlinə rüşvət, yeyinti, sürünmək, yaltaqlanmaq, yalan danışmaq, “torba tikmək” necə yaraşırsa, virusa yoluxmaq, yaxud yoluxmaq üçün mükəmməl, fövqəladə, fövqəltəbii, dahiyanə addımlar atmaq elə yaraşır. Ancaq xəstə olub-olmaması nəzərə alınmaqla 300-500 nəfəri karantin adı altında eyni otağa doldurmaq müqəddəs xalqımızın ideyası ola bilər. Əhsən! Zəlzələdən pul qazanan üçün virusdan milyonlar qazanmaq heç nədir! Dünəndən bu günə hər şeylə fəxr edə-edə fəxrəddinləşən xalqımızın önündə baş əyməliyik. Hamı koronavirusa yoluxmamaq üçün hətta 10-15 nəfərlik yeyib-içmək məclislərini təxirə salır, bizim virusabənzərlərimiz kütləvi tədbirlərin təxirə salınmasını, yaxud ləğvini lüzum bilmir. Kəllə başqa şeydir!
2020-də bizimkilər deputatımız Nigar Arpadarainin sözcüsü olduğu Formula 1 yarışı keçirməlidilər. Bu azmış kimi, futbol üzrə qitə birinciliyinə də ev sahibi olmalıdırlar. Xiyar-pomidor vuranlar həmin ərəfədə turist vuracaqlar. Meyvə-tərəvəzdən pul qazananların yolunu virus sayəsində kəsmək mümkün deyil. Çünki qazanacaqları pulu artıqlamasıyla, bəlkə də, bir-iki il əvvəldən büdcədən götürüblər ki, yarışlardan götürəcəklərini kağıza əlavə edəcəklər. Odur ki, istənilən halda, tədbirlər keçirilməlidir.
Xülasə, sağ olsun Virus müəllim, seçki söhbətini dəfn etdi. Artıq mitinqlər küçələrdə deyil, kabinetlərdə keçirilir. Xalqımız dözümlüdür, rüşvət, alçaqlıq viruslarına dözənlər, koronavirusa da dözər!
Bizi Facebook-da izləyin