“Vinisius oyunu tərk etsəydi, mən də onunla gedərdim” – Kurtua

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) komanda yoldaşı Vinisius Juniorun irqçi çıxışlara məruz qalmasından söz açıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, braziliyalı futbolçuya qarşı edilən çıxışların dözülməz olduğunu deyib:

“Oyun çox pis keçdi. Buna səbəb irqçilik məsələsi oldu. Bir neçə il əvvəl “Valensiya” sırf bu məsələyə görə “Kadis”in futbolçusunu sərt şəkildə qınadı. İndi isə “Mestalya”da (“Valensiya”nın ev matçlarını keçirdiyi stadion) irqçiliyə şahidlik edirik.

İrqçiliklə bağlı çıxış edənlərə kamera taxmaq lazımdır. Həmin insanların fikirləri olduqca çılğındır. Azarkeşlər dəstək üçün yox, başqa məsələlərə görə stadionlara getməyə başlayıblar.

Vinisiusun oyunun sonlarına doğru qırmızı vərəqə görməsi normal sayıla bilər. Lakin qırmızı vərəqə almağa layiq ilk şəxs Huqo Durodur (“Valensiya”nın hücumçusu).

Vinisius oyunu tərk etsəydi, mən də onunla gedərdim. Bu qədərinə dözmək olmur”.

Xatırladaq ki, meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.

“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.

“Real” hazırda La Liqanın turnir cədvəlində 71 xalla 3-cü, “Valensiya” isə 40 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button