“Vinisius ilk dəqiqələrdən etibarən təhqirlərə məruz qaldı” – Ancelotti
“Real”ın baş məşqçisi Karlo Ancelotti İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) hücumçu Vinisius Juniorun irqçi çıxışlara məruz qalması haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, futbolçusunun günahsız olduğunu deyib:
“Stadionda baş verənləri müzakirə etmək istəmirəm. Məncə, bu, ən yaxşı variantdır. Belə şeylər olmamalıdır. Azarkeşlər oyunçunun üzərinə qışqırdığı üçün məşqçi onu matçdan çıxarmaq barədə düşünməməlidir. Vinisius oynamaq istəmirdi. Ona bu addımın ədalətli olmadığını söylədim. Axı Vinisiusun heç bir günahı yox idi. O, sadəcə qurbandır.
Aqressivlik nümayiş etdirmədiyi halda, anlaşılmazlıq ucbatından qırmızı vərəqə aldı. O, dünyanın ən yaxşı futbolçusudur. La Liqada çox ciddi problemlər var. İrqçilik, dilə gətirilən təhqiramiz ifadələr matçların dayanmasına səbəb olur. İnanın, 3:0 hesablı qələbə qazansaydıq belə, yenə eyni fikirləri səsləndirərdim.
Həmin epizodla bağlı hakimlə danışdım. O, bildirdi ki, bunun üçün xüsusi protokol var və öncədən irqçiliklə bağlı çıxışların edilməsinə qarşı şübhəli hal olsa, qeydiyyat aparılacaq. Amma çox qəribə bir məsələ var: Vinisius ilk dəqiqələrdən etibarən təhqirlərə məruz qaldı. Çox üzgün və əsəbidir”.
Xatırladaq ki, meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.
“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.
Paytaxt təmsilçisi hazırda La Liqanın turnir cədvəlində 71 xalla 3-cü, “Valensiya” isə 40 xalla 13-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin