Venesuela millisində 72 yaşlı baş məşqçi
Futbol üzrə Venesuela millisinin yeni baş məşqçisi bəlli olub.
Komanda.az xəbər verir ki, bu vəzifəyə Xose Nestor Pekerman gətirilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 72 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.
İsrail vətəndaşlığına da malik olan argentinalı baş məşqçinin yığmanın “sükanı arxasında” debütü 2022-ci il yanvarın 27-nə təsadüf edəcək. Həmin tarixdə Venesuela millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Boliviya yığmasıyla qarşılaşacaq. Venesuela yığması DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 14 oyunda cəmi 7 xal toplayıb və 10 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Pekermanın son iş yeri Kolumbiya yığması olub. O, 2018-ci ildən işsiz idi.
Venesuela yığmasının sonuncu baş məşqçisi Joze Pezeyro olub. Portuqaliyadan olan 61 yaşlı mütəxəssis 2020-ci ilin fevralından bu komandaya rəhbərlik edirdi. Lakin uğursuz nəticələrə görə, o, bu ilin avqustunda istefaya göndərilmişdi. Həmin dövrdən Venesuela milisinə müvəqqəti olaraq Leonardo Qonsales rəhbərlik edirdi.
Bizi Facebook-da izləyin