“Şanslar bərabər olsa da, bir balaca “Qarabağ” üstündür” – Müsahibə

Vaxtilə “Qarabağ” və “Neftçi”də çıxış etmiş, son olaraq Bakının “Keşlə” komandasını çalışdıran Tərlan Əhmədovun Komanda.az saytına müsahibəsi:

  • Azərbaycan Premyer Liqasında mövsümün qalibi sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçından sonra bilinəcək. Oyundan gözləntiləriniz nələrdir?
  • Şanslar bərabərdir. Hər iki komandanın qalib gəlmək ehtimalı var. Hər halda, maraqlı oyun bizi gözləyir. Son 9 ildə ilk dəfə çempionatın qalibi son turda bilinəcək. Bilirsiz ki, bundan əvvəl çempion sona iki-üç tur qalmış bilinirdi. Bu matçda kim daha az səhv edəcək, kim daha çox diqqətli, istəkli olacaq, motivasiyasını yüksək tutacaqsa, qalib də o olacaq.
  • Hansı komandanı az da olsa üstün hesab edirsiz?
  • Belə götürsək, “Qarabağ” bir xal öndədir və bu, az da olsa üstünlükdür. “Neftçi” qalib gəlsə, artıq çempion olacaq. Şanslar bərabər olsa da, bir balaca “Qarabağ” üstündür.
  • Vaxtilə həm “Qarabağ”da, həm də “Neftçi”də çıxış etmiş, böyük oyunların iştirakçısı olmusuz. Nə düşünürsüz, futbolçular oyuna psixoloji cəhətdən necə hazırlaşmalıdırlar?
  • “Neftçi”nin heyətində “Şəmkir”ə qarşı “qızıl oyun”umuz olub. İstər-istəməz soyuqqanlı olmaq lazımdır. Həm məşqçi heyəti, həm də futbolçular oyuna yaxşı motivasiya olmalıdır. Komanda meydana çıxanda həm motivasiyalı, həm də soyuqqanlı olmalıdır. Belə deyək, isti ürək, soyuq başla oynamaq lazımdır. Nə qədər ürəkli olsan da, gərək soyuqqanlı da olmağı bacarasan. Çünki çoxlu istək, motivasiya futbolçuya səhv də etdirə bilər. Onsuz da hər iki komandanın heyətində həyəcanlı futbolçular olacaq. Görürsən eləsi olur gec yatır, eləsi olur ancaq oyun haqda düşünür. Ümumilikdə, bizi maraqlı oyun gözləyir. “Qarabağ” çox qol vurub, az qol buraxan komandadır. “Neftçi” də son oyunlarda hücumda yaxşı çıxış edir. Buna baxmayaraq, hər iki komandanın müdafiə xəttində problemlər var. Düşünürəm ki, hər iki komandanın ifasında maraqlı oyun görəcəyik. Amma istər-istəməz bu oyun daha çox ağır olacaq. Həm məşqçilər, həm də futbolçular üçün. Komandalar üzərində təzyiqlər var, çempionluq matçıdır. Bu hissləri yaşamadan bilmək olmaz. Biz futbolçu olmuşuq və yaşamışıq. Oyunçular özləri özlərini bu matça kökləyəcəklər.
  • Belə oyunlarda bəzən nəticəni xırda detallar bəlli edir. Sizcə, bu matçın nəticəsini müəyyənləşdirən nə olacaq?
  • Həm məşqçilərin işi, həm də futbolçuların fərdi ustalıqları ön plana çıxa bilər. Bunlar bir-birini tamamlamalıdır. Kim daha çox istəyəcək, o da qalib olacaq. Yenə deyirəm, həm məşqçilərin, həm də futbolçuların üzərinə böyük iş düşür. Hər iki komandanın heyətində fərdi ustalığı yüksək olan futbolçular var. “Qarabağ”da Abdullah Zubir, Mahir Emreli, Patrik Andrade, Xayme Romero, “Neftçi”də Sabir Buqrin, Namik Ələskərov kimi futbolçular var. Buqrini xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, o, son zamanlarda “Neftçi”yə gələn ən yaxşı legionerlərdəndir. Namikin də fərdi keçidləri, yaxşı qol duyumu var. Bu matçda ola bilər ki, bir top oyunun taleyini həll etsin. Belə oyunlarda böyük nəticələr olmur. Kim qol vursa, düşünürəm ki, qalib də o olacaq. Hər iki komanda ehtiyatla başlayacaq oyuna. Qolu vuran qalib gələcək. Kim səhv etməyəcək, daha istəkli olacaq, kollektiv oyuna daha çox üstünlük verəcək, həmin komanda da qazanan olacaq.
  • Oyunun gərginliyindən danışdız. Azərbaycan Premyer Liqası matçlarında son zamanlarda hakim səhvləri ön plana çıxır. Sizcə, bu matçın idarəçiliyi kimə tapşırılmalıdır?
  • Mənə elə gəlir ki, bu oyun Əliyar Ağayevə tapşırılmalıdır. Uzun müddətdir ki, Avropada da oyunlara təyinat alır. Böyük təcrübəsi var. Düşünürəm ki, qarşılaşmanın idarəçiliyi ona tapşırılacaq.
  • Hesab təxmininiz nədir?
  • Təxmini deyə bilmərəm. Bir top kim vursa, o da qalib gələcək. Şəxsi fikrimə görə, minimal hesablı nəticə olacaq.
  • Oyun hər iki komanda üçün vacibdir. “Qarabağ” ardıcıl 8-ci çempionluğunu qazana bilər. “Neftçi”nin də uzun fasilədən sonra qızıl medalçı olmaq şansı var. Sizcə, çempionluğun itirilməsi hansı komandaya daha çox təsir edər?
  • İtiriləsi bir şey yoxdur. Həyat davam edəcək. Hər iki komandanın şansı var, lakin biri çempionluğu itirməlidir. Hər halda, “Qarabağ” son illərin çempionudur, “Neftçi” də uzun müddətdir çempion olmur. Düşünürəm ki, bu il “Neftçi” çempion olmaq üçün daha şanslıdır. Hər halda, belə bir şans yenə ələ düşməyə bilər. Hesab edirəm ki, “Neftçi” bu şansı əldən verməməlidir. Lakin uğursuzluq hər iki komandaya ciddi təsir edə bilər. Çempionluğun əldən verilməsi hər iki komandaya zərbə ola bilər.
  • Artıq uzun müddətdir işsizsiz. Təkliflər olurmu heç?
  • Yox, vallah, təklif yoxdur. Yalandan deməyim, görürsən bəziləri yalandan deyir ki, filan yerdən təkliflər var. Amma yox, mənə heç yerdən təklif yoxdur.
  • Hazırda nə işlə məşğul olursuz, planlarınız nədir?
  • Evdə otururam, arada veteran futbolçularla görüşürəm. Kitablar oxuyuram, futbollara baxıram. Nə vaxt iş olsa, işləyəcəm. İndi heç bir təklif yoxdur. Nə etmək olar? Məşqçilik həyatıdır, iş olmayacaq, başqa bir iş tapıb işləyəcəyik. Komanda sayı onsuz da 8-dir. İş olanda işləyəcəyik, olmayanda da nə edə bilərik?

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button