Vaxtı çatanda, mənə də yeni müqavilə təklif edəcəklər – Jezniçak

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, Jezniçak “Qarabağ”ın onunla yeni müqavilə imzalayacağını bildirib:

“Hələ ki, Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Müşahidələrimə əsasən, klubda yaşlı oyunçulara yeni müqavilə ən sonda təklif olunur. Buna görə də, gözləməli olacam. Eşitdiyimə görə baş məşqçi Qurban Qurbanov və komanda üzvləri məndən razıdır. Vaxtı çatanda, mənə də yeni müqavilə təklif edəcəklər”.

Təcrübəli futbolçu Azərbaycandakı həyatı haqda da danışıb:

“Bir qədər fərqli mədəniyyət, fərqli dinə malikdirlər. Azərbaycanda İslam dini aparıcı din olsa da, bu, çox da hiss olunmur. Şəhər və ölkə çox yaxşıdır, qonaqlara açıqdır. Bir çox insan ingiliscə, ya da polyak dilinə yaxın olan rusca danışır. Mənim ünsiyyət və uyğunlaşma sarıdan problemim olmayıb. Burda çox yaxşı yaşayıram. Avropa kuboklarında çıxış etdiyimiz vaxt təyyarə ilə getməyə 5-6 saat vaxt lazım olurdu. Lakin çarter reysi ilə uçduğumuzdan, mənzil başına daha tez çata bilirdik. Belədə, istirahətə və oyuna hazırlaşmağa vaxt olurdu.

Polşa üçün elə də darıxmıram. Yalnız ailəmi düşünürəm. Burda əla futbol həyatı tapmışam. “Qarabağ”da təzyiq “Legiya” ilə müqayisədə xeyli aşağıdır. Tez özündən çıxan fanatlar yoxdur, sakitlikdir. Tez-tez forum və sosial şəbəkələrdə baş verənləri gördükdə gülür və Polşa “cəhənnəm”inə qayıtmadığıma sevinirəm. Həyat məni məcbur etməsə, Polşada bir daha oynamaram”.

Jezniçak bildirib ki, “Qarabağ”ın bu mövsüm əsas hədəfi çempionluq titulunu qorumaqdır:

“Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Avropa Liqasının qrup mərhələsində də çıxış edirdik. Sonda bəzi problemlərimiz yarandı. Böyük rotasiyalar olurdu və biz üç gündən bir oynayırdıq. İndi isə baş məşqçi daha çox rahatlıq tapacaq və hər tur ən güclü heyəti qura biləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button