
Vaqif Sadıqov hakimlərdən narazılıqlar haqda danışdı: “Qərəzli səhvlər görmürəm”
Azərbaycan Premyer Liqasının cari mövsümündə cəmi 9 tur geridə qalmasına baxmayaraq, demək olar ki, hər turdan sonra hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olur. Baş məşqçilərin, futbolçularun oyunlardan sonrakı çıxışlarında açıq-aşkar hakimlərdən narazı olduqları görünür.
Bununla bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik.
Sadıqov Komanda.az-a açıqlamasında hakimlərin idarəçiliydə qərəz olmadığını bildirdi:
“Hesab edirəm ki, səhvlər qaçılmazdır. Ancaq ən vacibi odur ki, qərəzli səhvlər görmürəm. Düzdür, səhvlər varsa, problemləri həll etmək lazımdır. Problemi həll etmək üçün gərək yollar tapılsın. Çalışmaq lazımdır. Ancaq yenə də deyirəm, ən vacibi odur ki, hansısa qərəzdən söhbət getməsin. Burada insan faktoru, amili var, istər-istəməz, hardasa, kimsə… Mən bunu izah etməyə də çətinlik çəkirəm. Yəni, hər kəs, ən vacibi, qərəz olmadığı yerdə gördüyünə qərar verir”.
Azərbaycan millisinin sabiq baş məşqçisi hesab edir ki, indi artıq əvvəlki dövr deyil, ölkədə futbol inkişaf edib:
“Yenə də deyirəm, bu gün ən vacibi odur ki, kiminsə nəyisə etməsi… O vaxtlar gedib, biz görmüşük. İndi tamamilə fərqli bir vaxtdır, futbolumuz inkişaf edib. Burda istər-istəməz bir şeyə toxunmalıyıq, bunu bir peşəkar kimi demək istəyirəm: Futbolun və futbolçuların səviyyəsi artdıqca hakimlərin də səviyyəsi onlarla eyni vaxtda artmalıdır. Bu olan halda, bəlkə də, biz bu söz-söhbətdən uzaq olacağıq. Hesab edirəm ki, futbolumuz da, futbolçularımız da, hakimlərimiz də ayaqlaşmalıdır və inkişafa, tərəqqiyə doğru getməlidirlər”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



