Vaqif Cavadov(la)u nə etdiz?

Tribuna

Pərvin Əbilqasımov

Yaxşı futbolçu sarıdan əziyyət çəkən futbolumuz daha bir futbolçusunu itirmək üzrədir. Söhbət bir vaxtlar öz adından kifayət qədər söz etdirməyi bacarmış Vaqif Cavadovdan gedir. Atası Füzuli Cavadov və əmisi İsgəndər Cavadov kimi Vaqif də azarkeşlərin qəlbində taxt qurmağı bacarmışdı. Xususən də, “Qarabağ”da oynadığı dövrdə sərgilədiyi futbol və vurduğu qollar hamımızı çox sevindirirdi.

Açığı, Vaqifin ən gözəl çıxış etdiyi oyunlar da elə “Qarabağ”da olub. Bunun nəticəsində Vaqif “Tvente” kimi bir kluba transfer olundu. Ancaq sevincimiz uzun çəkmədi. Hollandiya klubunun əsas heyətinə düşə bilməyən Vaqifin karyerasında eniş başladı. Bundan sonra klubları tez-tez dəyişən millinin keçmiş üzvünün son dayanacağı “Keşlə” oldu. Amma Cavadov bu komandada da top üzünə həsrət qaldı və ayrılmaq məcburiyyətində qaldı. Vəssalam, ondan sonra 30 yaşlı futbolçunu “gördüm” deyən yoxdur.

Şübhəsiz, Vaqif Cavadov çox istedadlı futbolçudur. Həm texnikalıdır, həm güclü zərbələrə malikdir, həm də başla yaxşı oynamağı bacarır. “Qarabağ”da, milli komandada, “İnter”də (indiki “Keşlə”) vurduğu qollarla diqqətdən uzaq qalmağa layiq olmadığını göstərib. İndi belə bir istedadın yox olub getməsinə niyə göz yumulur, anlamaq olmur.Yetişirmi Vaqif kimi futbolçular? Əlbəttə ki, xeyr. Heç yetişməsi üçün maraqlı olan da yoxdur. Heç olmasa, əlimizdəkilərin qədrini bilək. Ukraynalı mütəxəssis Yuri Maksimov qədər Vaqifə dəyər vermədiz, cənab “Keşlə” rəhbərliyi və cənab Tərlan Əhmədov.

Bu gün klublarımızda yüksək məvaciblə Vaqif Cavadovdan çox-çox aşağı səviyyəli futbolçular çıxış edirlər. Amma Vaqifə təklif göndərən yoxdur. Futbolumuza və yaxşı futbolçuya dəyər vermək istəyən klublar Vaqifi düşdüyü və ya saldıqları bataqlıqdan çəkib çıxarsalar, uduzmazlar. Futbolçularımızın dəyərini bilək, cənablar!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button