Vaqif Cavadov: “Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi”
“Sumqayıt” Premyer Liqanın 22-ci turunun matçında səfərdə “Şamaxı” ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
“Məğlub olmalı deyildik, üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoya bilmədik. Bu da düzələcək. “Şamaxı”nı təbrik edirəm. Sevinirlər, amma hələ ki, turnir cədvəlində bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var.
Oyunda məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı.
Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu qırılacaq. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Təlaşa düşmürük, sakitliyimizi qoruyub, yolumuza davam edəcəyik.
İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar”.
Bizi Facebook-da izləyin