Vanhezebruk hamımızı aldatdı – REPORTAJ

Gent belə, inanmırdı…

Gent şəhərinə oyun günü özümü çatdıranda hava əsl müşahidəyə açıq və ətrafdakı auranı hiss etməyə münasib idi. Peşəkar, yarımpeşəkar, hətta həvəskar səviyyələrdə yazan bir insan olaraq auranı hiss etmək, insanların duyğularını müşahidə etmək və ümumən, necə deyərlər, havanı qoxlamaq həm bir vərdiş, həm bir hədəf, həm də bir zərurətdir.

Gent şəhərinin etinasızlığı

23 fevral günü Gentə gələndə gərginlik, köklənmişlik, şəhərin təmcilçisi olan klubla həmrəylik kimi futbolla bütövləşmiş hissləri qoxlamağa ümid edirdim… Hətta bəlkə də, tam tərsinə gözləyirdim, amma olmamasına ümid edirdim. Çünkü rəqib meydançasına gedən komandaya sonuncu lazım olan şey bu gərginlikdir.

Peşəkar jurnalist kimi yox, azarkeş kimi fərqli rəqib meydanlarda olmuşam və deyim ki, belə məsul oyunda şəhərin belə etinasızlığı bir az da qorxutdu. Siz oyun gününün Bakısını düşünməyin. Gentin əhalisi 260 min civarındadır və hər 9 nəfərdən birinə qucağını aça biləcək stadionu var.

İdman mağazasının sahibi olan “Brügge” azarkeşinin komandanın motivasiyalı olmaması, həftəsonu (sabah) “Brügge” ilə taleyüklü oyuna fokuslandıqlarını deməsi-filan da üst-üstə gələndə məsələ aydın oldu. Şəhərin quru və yumuşaq havasından oyun anında da gözləmək olar…

Məni sevindirən rahatlıq

“Qarabağ” stadionun az qala içində yerləşən Van de Valk otelində məskunlaşmışdı. Dostlarımızı, komandamızı görmək üçün oyundan əvvəl ora da baş çəkdik. “Qarabağ”ı bu yerlərə qədər gətirib çıxaran o məsuliyyət hissidir. Oyunlardan əvvəl futbolçuların həmişə gərgin olduğunu hiss etmək olur. Məsələn, Bazeldə oyunöncəsi Maksim, Abbas və Qara ilə söhbətləşmişdik, xeyli və nəticəsi çox şeyi həll etməsə belə, onların üzərindəki təzyiqi davranışlarından görmək olurdu. İntəhası burada heç o da yox idi. O an sevindim ki, hamı rahatdır. Amma deyəsən, Heyn Vanhezebruk elə bunu gözləyirmiş…

Tələsən təndirə düşər…

Oyun öncəsi təhlil yazısında “Qarabağ” üçün 3 “kilid” təklif etmişdim. Təxmini ssenarini təxəyyül edib, oyunu necə uğurlu başa vura biləcəyimizi təklif etməyə çalışmışdım. O rahatlıqdan dolayı “Gent”in artıq təzyiqlə başlamayacağını hiss etmək olurdu. Və ilk dəqiqələrdə irəli atılan, qola yaxınlaşan, topu dirəyə tuşlayan biz olduq. “Gent” isə səbrlə və təmkinlə oyun qururdu. Dəqiqələr keçir və o gözlədiyimiz, amma sonradan əlimizi üzdüyümüz təzyiq gəlmir. Gözləyirik ki, hücuma keçib arxada boşluqlar versinlər, alınmır. İlk hissə aşağı tempdə, Bəhlulun 90-cı saniyədəki epizodundan sonra ancaq ötür-ötürlə bitdi.

İkinci hissənin ortalarına yaxın bir ara dönüb yanımdakı dostumuza da şikayətlənirəm ki, elə bil udan onlardır, top saxlayırlar, zədələnib yerə yıxılırlar. Amma məhz qol anında, o cərimə zərbəsindən topu oyuna daxil edərkən “Gent”in oyunçularında elə bir qətiyyət, bizdə elə bir təntimə hiss etdim ki, dedim qol gəlir. Sanki onlar sağ tərəfdə bəstəboy Elvinlə mübarizədə o üstünlüyü gördülər… Sanki niyə, yəqin ki, elə gördülər.

Basketbolda olur adətən. Üz-üzə gələn oyunçulardan hücuma keçən rəqibindən 8-10 sm hündür olanda onu itələyə-itələyə səbətə doğru gedir və xalı qazanır. Hamı bilir ki, orada məhz sadə şəkildə səbətə yaxınlaşmaq və “ley-ap” lazımdır.

“Gent” qol epizodunda ideal “tet-a-tet”i yaxalamış kimi irəli atıldı və lazım olan o bir qolu vurdu.

Məyus edən, hətta bir az da narahat edən isə o idi ki, bizim oyunun bu gedişinə qarşı əlimizdən heç nə gəlmirdi. “Qarabağ”ın hazır, yarıhazır olan bütün hücum oyunçuları etibarlı müdafiə olunan, öz mövqeyini və balansı qoruyan, ağılla və səbrlə oynayan rəqibə baş ağrısı yarada bilmirdi. Sən demə, müdafiəçimizin cəmi 2-ci dəqiqədən dirəkdən qayıdan o topu bizim elə “uğur bileti”miz imiş.

2-3 oyundur bizi “Qarabağ”ın yeni alban əfsanəsi olacağı fikrinə salan, gələcəyə ümidləndirən Cica da, hər driblinqində azarkeşləri sevindirən Diakabi də, Benzia da oyuna daxil oldu və gördük ki, Qurban hocanın oyundan əvvəl ən çox ehtiyat etdiyi, oyundan sonra ən vacib məqam kimi qeyd etdiyi “hazırlıqsızlıq” ən böyük maneəmiz oldu. “Qarabağ”ın hücumda kəsərli heç bir planı yox idi… Və ya, var idisə də, işləmirdi… İşə salanlar yox idi…

Dəqiqələr keçdikcə, əlavə vaxta, oradan da penaltilərə getdikcə, oyunəvvəli taktiki ssenarinin niyə gerçəkləşmədiyini daha yaxşı anlayırdım. Mənim gördüyümü təbii ki, rəqibin baş məşqçisi Vanhezebruk da görmüşdü. Tələsənin təndirə düşəcəyini bu formada olmasa da, bilirdi. Amma o, həm də, ilk oyundan görmüşdü ki, “Qarabağ”ın hazırkı hücum gücü onun ağıllı və səbrli oynayan müdafiəsini aşmağa bəs etməyəcək. Əksinə, bir qol üçün həyəcanla irəli atılsalar, ölümcül səhvlər buraxacaqlar.

Səbrlə müdafiə və hücum isə cəmi bir qolu 90+ dəqiqə ərzində əvvəl-axır vurmağı təmin edəcək. Və o qolu da dəqiqə-dəqiqə, səbrlə “toxudular”. Bizim müdafiədə tapa biləcəkləri ən böyük boşluqdan daxil oldular. Hətta deyərdim ki, oyunun məntiqi içində heç penalti zərbələri yox idi. Onlar son saniyələrdə baş verən o qarmaqarışıqlıqda qolu vurmalı idilər. Yadınızdadırsa, Ramil topu sol tərəfdən gətirdi, ilk cəhddə mane olduqları üçün ikinci cəhddə ötürmə etdi, amma top artıq xətti keçmişdi. Benzianın qolunun sayılıb-sayılmayacağını VAR-dan gözlədiyimiz müddətdə, hücumda iştirak edən 5 oyunçu da orada hakimin yanında qaldı. Kollam anidən oyuna başlamaq lazım olduğunun işarəsini verdi və belçikalılar irəli şığıdılar. O an hücumda ciddi say üstünlüyünə sahib idilər, amma Elvinin rəşadəti və rəqibin bir az tələskənliyi ilə təhlükə sovuşdu.

Uzaqdan zərbələr “Gent”in təhlükə potensialı yarada biləcəyi məqamlardan biri ola bilərdi. Amma onların da hücum potensialı “Gelamko Arena”dan aşıb-daşmadığı üçün oyun asta-asta penaltilərə qədər gedib çıxdı.

Deşamvari cəsarət?

Təbii ki, biz oyuna kənardan baxırıq və böyük tablonun kiçik bir hissəsini görürük. Mən Azərbaycan (bəlkə də, bütün idmanların, bütün millətlərin azarkeşləri belədir) azarkeşi kimi, “Ramili çıxart”, “Musanı Avropada yoxla” kimi məsləhətlər verə bilmərəm. Bilirəm ki, futbol sadəcə meydanda açıq gözlə gördüklərimizdən ibarət deyil. “Mançester Yunayted”in analitiklər ordusu ola bilər. Amma “Qarabağ”da bu orda olmasa da, analitik var və ən müasir applikasiyalarla işləyirlər. Qurban Qurbanovun hər oyundan əvvəl və sonra, hətta fasilədə bu analitik təhlillə işlədiyini bilirəm.

Kənardan bir baxış kimi, gördüyüm o oldu ki, “Qarabağ” məhz fasilədə oyun planında dəyişikliyə gedə bilərdi. “Gent”in səbri sınanmalı, bir az qıcıqlandırılmalı idi.
DÇ-2022-nin finalında biabırçı birinci hissənin axırında gözlənilmədən Jiru və Dembeleni kənara çəkib, Kolo-Muani və Türamı “döyüşə atan” Deşamı xatırladım. O an əsas qol ümidini çıxarmaq və yerinə turnirboyu az qala heç oynamayan iki nəfəri oyuna salmaq qəribə gəlmişdi. Sonradan gördük ki, bu addımlar effekt verdi. Fransa yığmasının hücum oyunu tamam dəyişdi və az qalmışdı ki, Kolo-Muani turnirin əsas qəhrəmanı olsun.

Bəs sonra?

Bir neçə həftə əvvəl; Kadi və Ovusu xəbərləri rəsmiləşəndə və yeni transferlər gələndən sonra sosial mediada yazdım ki, “Qarabağ” Konfrans Liqasının pley-offundan çox, gələn mövsümə köklənib. Bəlkə, bir az da şərait ona məcbur etdi. Amma Diakabi, Benzia və Cica hazır olmayan, lakin üzərlərində doğru işləndiyi halda ÇL səviyyəsinə çıxa biləcək oyunçulardır. Srağagün də gördük ki, hələ o deyil, çox işləmək lazımdır. Amma eyni zamanda, bir neçə gündür görürük ki, bu 3-lü Kadidən də, Vadjidən də üstün oyun göstərə biləcək potensiala sahibdirlər.

8 xallıq fərqi və bundan sonra çempionatdan başqa fokusun olmadığını nəzərə alanda, “Qarabağ” yenə çempion olmalıdır. Yenə yüksək reytinqlə ilk 3 mərhələdə “səpələnmiş” olacağıq. Qarşıda 5 ay var ki, daha yaxşı hazırlaşaq və yenə ÇL himnini Bakıda eşidək.

10 ildən çoxdur sabit oynayan, hər dəfə turniri tərk etdikdən sonra tənqid atəşinə tutulan “Qarabağ” ümid edək ki, buradan da yüksəlişin yolunu tapacaq. Amma bir şeyə də səmimi inanıram: Hazırkı səviyədən yuxarı çıxmaq üçün çalışmaq lazımdır. Bunu istəmək də bəs eləmir, onun üçün formula sahib olmaq lazımdır. Artıq Avropa Liqasının qalibi olan “Şaxtyor”, “Zenit”, bir vaxtların “Qalatasaray”ı… Bunlar olmalıdır hədəf. Bunlar isə bu büdcə ilə olmur. Heyf ki, bu çempionat ilə də olmur. “Turan Tovuz” da gəlsin bu sıralara, “Zirə” də artırsın, “Neftçi” də normal idarə olunsun, “Xəzər Lənkəran” və “Zaqatala” da qayıtsın.

Heyf ki, bütün analizlər, tələblər, istəklər buralarda tıxanır. Bunu isə təkcə “Qarabağ”dan və Qurban hocadan gözləmək olmur… Olmur, amma Qurbanovu da artıq layiq olduğu səviyyələrdə görmək istəyirik. Yetişdirdiyi Ruben Sellesin xoş sözləri ilə nə vaxta kimi ovunacağıq?..

Digər tərəfdən də, “Qarabağ”…

…Ailəsinin qeydinə qalan kişi kimidir.

Futbol dünyasında nəhəng klublar var, tanıyırıq onları. Hər zaman iddialıdırlar. “Borussiya”lar, “Ayaks”lar var ki, hər zaman tonusda qalmağa çalışsalar da, arxalarında azarkeş olsa da, ümdə məqsəd uğur deyil, funksiyaları başqadır. “Şaxtyor”lar, “Portu”lar var, ən böyük liqalarda deyillər, amma kültürləri var və daim yüksəkdə durmağın yolunu bilirlər. “Fulhem”lər, “Renn”lər var ki, sadəcə çempionatdan dolayı hər zaman qazanırlar və hərdən uğurlu olanda sevinirlər. “Ludoqorets”ələr, “Şerif”lər də var. Onlar 1-2 mövsüm səs-küy edib, çəkilib kənardan büyük futbolu izləyirlər.

Bir də, “Qarabağ” var. Bənzəri yoxdur. Vaxtilə “Skenderbeu”nun nəsə oxşayan bir şeylər etdiyini deyə bilərəm. Amma onlar belə çox çəkmədi və oyun alqı-satqısından dolayı cəzalandılar. İndi ikinci liqadadırlar.
“Real”ı səfərdə udan “Şerif”, ÇL-də 1\4 finalı oynayan APOEL, ilk cəhddəncə Konfrans Liqasının 1\4 finalını görən “Budo-Qlimt” əslində təsadüfi uğurlar əldə etdilər. O uğuru 2014-də “Qarabağ” da əldə edə bilərdi. Bəlkə də, illərdir söydüyümüz Zelenkaya təşəkkür etməliyik. Çünki təsadüfi uğurlar ardınca böyük məyusluqlar gətirir. Təsadüfi uğurlar dayanıqlı olmur. İsveçrəni udduqdan sonra yığmamız Macarıstanla oyunda bütün stadionu doldurmuşdu. Elə ümidli idik ki… Amma o qələbə təsadüfi imiş, macarlar bizə göstərdi.

Təmkinli Qurban bəy 1-2 mövsüm parlayıb sonra sönmək yerinə, daim eyni mövqedə olmağı arzulayır görünən odur ki. Və acı gerçəklik odur ki, bu ölkədə, bu çempionatda, bu pullarla o səviyyə elə buralardır. Amma bayaq da yazdığım kimi, biz onun əlində kuboklar, ÇL-də nəhənglərlə üz-üzə gəldiyi oyunlar görmək istəyirik. Bəlkə, burada olmursa, başqa yerdə…

Mən bu dediklərimi bilirsiniz nəyə oxşadıram?

Arif (“Qarabağ”) və Daşqın (APOEL) Almaniyada eyni tikintidə çalışan ustalardır. Zəhmətlə qazandıqları ortabab aylıq maaşları var. Daşqın maaşı alandan sonra 2-3 gün diskodan çıxmır, maniken kimi qızlarla əylənir, sonra da ayın qalan hissəsində kolbasa çörəklə dolanr. Arif isə sadə həyatı və sevdiyi həyat yoldaşı ilə ay boyunca normal yaşayır. Hətta bəzən çox işləyəndə, ya da uğurlu layihə olanda kənara pul da qoyur, onu belə, artıq yerə xərcləmir.

Arif olan “Qarabağ”ımız var…

AZARkeş

Azarkeş sözünün kökünün “azar”, yəni “xəstəlik”dən gəlməyi yəqin ki, təsadüf deyil. Azarkeşin bir az normal olmaması, bir az “xəstə” olması məqbuldur. Normal davranaraq komandanı lazımi şəkildə dəstəkləmək çətindir.

Oyun günü bizim tribuna demək olar dolmuşdu. Və buna Avropada yaşayan yüz minlərlə azərbaycanlı yox, Gent şəhərinin İstanbul nəhəngləri fan-klubları sayəsində nail olmuşduq. Yəqin ki, siz də ekran başında çılğınca dəstəkləyən, fişəng yandıran, bayraqlar, plakatlar asan azarkeşləri gördüz. Kifayət qədər təşkilatlanmış və hazırlıqlı idilər. “Qardaşımız üşüsə, biz donarıq” ifadəsi iki gündür sosial mediada fırlanır.
Və həmin azarkeşlər belə, möhtəşəm olduğu kimi, qonşu tribunalarla atışması, söyüş söyməsi, bəzi jestlər etməsi, meydana butulkadan tutmuş, nə gəldi atması ilə də fərqləndi. Bəzən hətta lap yersiz. Yan tərəfə dönüb Türkiyə bayrağı göstərmək, məsələn, Albaniya – Ermənistan oyununda məntiqli idisə, bu dəfə anlamsız idi. Çünki yerli azarkeşlər çox sakit idi. Ermənilərin provokasiyası-filan da yox idi. Elə o yersiz hərəkətlər də bizə qaldı. Stadionu dilxor tərk edən də biz olduq…

(A)xırda bir qeyd

Darmadağın etdiyimiz “Lex”in “Gent”dən daha ağır rəqib olan “Budo-Qlimt”i keçib 1\8 finala çıxmağına işarə ilə qorxaq oynadığımızı yazdım sosial mediada. Yuxarıda nəyi nəzərdə tutduğumu da ifadə etmişəm. İnanıram ki, 2-ci sürətdə, bəzən “xolostoy”da gedən oyunu fasilədə 3-4-cü sürət qutularına atmalıydıq. Onsuz da səbr oyunundan şansımız az idi və lazım gəlsə, blef etməliydik. Yəni bir az cəsarət lazım idi.

O statusa kinayəli bir cavabı “Qarabağ”dan xətrini istədiyim başqa bir dostumuzun bəyəndiyini gördüm. Buna etinasız keçə bilməyəcəm.

Mənim başqa saytlarda və qəzetlərdə yox, məhz “Komanda”-da yazmağımın səbəbi prinsipiallıqdır. Biz əksəriyyətin öz mənafeyinin köləsinə çevrildiyi və bu buyruqçunun xətrinə həqiqətə təcavüz etdiyi ölkədə, ancaq həqiqət naminə yazırıq və danışırıq. Mənafeyimizə də ərkimiz keçir və onu həqiqətə qurban verməkdən də çəkinmirik. Biz nə “Qarabağ”ın büdrəməsini fürsət bilib şığıyanlardan deyilik, nə də bir umacağı olduğu üçün hər situasiyada sıvayanlardan deyilik.

“Qarabağ” Azərbaycan futbolunda möcüzədir. Bunu hər fürsətdə demək lazımdır. Amma bunun Vanhezebrukun Gentdə bizi fəndə saldığını deməyə əngəl olmadığını düşünürük. Azərbaycanda çempionat yoxdur. Amma bu, Qurban hocanın bizə AL qrupu, KL pley-offu səviyyəsində klub bəxş etməsinə maneə olmadığı kimi, bundan artığını da istəməməli olduğumuz anlamına gəlmədiyinə inanırıq. Azərbaycanda “tapış”, rüşvət, haqsızlıqların normaya çevrilməsi, bizim də qələbəyə layiq olmadığımız, analitik, haqlı tənqidlə inkişaf etməyəcəyimiz anlamına gəlmədiyinə inanırıq. “Qarabağ”la fəxr də edirik, səhvini görəndə ifadə də edirik. Bu, elə belə də, olmalıdır…

Vüsal “Aydın” Qəmbərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button