“Vallah, De Byazidə günah yoxdur” – Müsahibə
Azərbaycan millisinin veteran futbolçusu Vidadi Rzayev Komanda.az saytına müsahibə verib. Yığma komandanın keçmiş futbolçusu millinin Latviya və Malta görüşlərindəki məğlubiyyətini şərh edib. Bununla yanaşı, o, Azərbaycan futbolunun hazırki durumu barədə danışıb:
- Azərbaycan millisi Latviya və Malta görüşlərindən məğlub ayrıldı. Oyundan öncə ehtimalınız necə idi?
- Hamı ehtimal edirdi ki, udacağıq. Amma gedişat yaxşıya doğru heç nəyi göstərmədi. Bu gedişlə yaxşı şeylər görünmədi. Yəni deyək ki, nəsə yaxşıya doğru gedir. Heç nə yox idi. Çox pis. Latviya ilə 10 nəfərlə qaldıq. Görünür ki, düzələn hələ heç nə yoxdur.
- Komanda məğlub olanda da hansısa pozitiv məqamlar olur. Millinin bu iki görüşündə pozitiv heç nə olmadı?
- Yox, vallah. Pozitiv heç nə görünmədi. Baş məşqçini qınamaq da olmur. Heç bir baş məşqçi uduzmaq istəməz. Başqa futbolçumuz da yoxdur.
- Düzdür, vaxtilə də Maltaya məğlub olmuşuq. Amma son illərdə onlara uduzmurduq, qalib gəlirdik, heç-heçə oynayırdıq. Latviyaya da uduzmamışdıq. Bu onu göstərir ki, biz yerimizdə qalmışıq, onlar inkişaf edib?
- Xaricdəkilər təyyarə kimi göyə qalxır. Biz gedib həmin təyyarəyə çatana kimi yəqin onlar Marsda futbol oynayacaq. Biz yerimizdə dayanıb sayırıq. Bilmirəm nədəndir. Özləri axtarıb tapmalıdılar səbəblərini. Bu gedişlə Millətlər Liqasından da çıxa bilməyəcəyik. Canni De Byazi demək olar ki, oyunçuların hamısını yoxladı. Bəzi futbolçular var ki, onların yerinə başqalarını dəvət etsəydi, daha yaxşı olardı. Adlarını çəkmirəm, bizə yaraşmaz. Amma elə futbolçular da var ki, artıq onlar millilik deyil. Digər tərəfdən, başqa oyunçu da yoxdur.
- Canni De Byazinin millinin uğursuzluğunda günahı nə qədərdir? Gələndən bir yoxlama görüşündə, bir rəsmi matçda qələbəsi var…
- Vallah, De Byazidə günah yoxdur. Əsas günahkar futbolun başında dayananlardır. Cənab prezidentimiz futbola pul ayırdı, 10 illik inkişaf planı tutuldu. Pulun gur olan vaxtını deyirəm. Həmin pulları səmərəli, düzgün istifadə etsəydilər… Bu necə olur ki, klublarda nəzarət yoxdur? Məsələn, hər hansı kluba pul ayırırlar, nə qədər legioner gətirirlər. Məşədi İbadın kinosunda deyirlər e, “gətirəndə baxmadın, qadındır ya, kişi?” Gətirəndə heç olmasa, baxın da bu legionerlərə. Yadımdadır, elə komanda var idi, sonuncu pillədə gedirdi, 14 legioneri var idi. Ona niyə baxmırdılar? Hələ də həmin komandanın borclarını ödəyirik, UEFA-ya şikayət edirlər deyə. Bəs bu pullar hardan gedir? Federasiyadan, Azərbaycandan gedir də. Canni De Byazi bir həftə idi ki, gəlmişdi və mən müsahibə verdim. Dedilər, pul yoxdur deyə, komanda sayını artıra bilmirik. Mən də dedim, bəs necə pul yoxdur ki, Canni De Byazini gətirirsiz, 1-2 milyon avro verirsiz? Daha bilmirəm, nə qədər ödəyirlər ona. Ona pul tapıb verə bilirlər, komanda sayını artıra bilmirlər? Hazırda yığmalarımızda neçə xarici məşqçi var? Heç olmasa, 2-3 milyon edir? İki milyona 3 komanda buraxın da çempionata. Buna pul tapa bilmirlər, xarici məşqçilərə verirlər. Canni De Byazi də gələndə demişdim ki, bu təyinatın da xeyir yoxdur. Bunu niyə bilmirlər? Əslində, sizdən də, məndən də yaxşı bilirlər.
- Maksim Medvedev bildirib ki, sosial şəbəkədə və mediada yazılanlar futbolçular üçün təzyiqdir. Sizcə, təzyiq var? Bir də, 20 oyuna 2 qələbə qazanan komandaya təzyiq olmalı deyil ki?
- Hər bir insanın fikrinə hörmətlə yanaşaq. Amma Malta matçında millimiz çox aciz görünürdü. Mən hələ indiyə qədər Maltanın bu cür oynadığını görməmişdim. Görürsüz, necə oynadılar? Çünki bizimkilərdə nə mübarizə, nə istək, nə milli ruh var idi. Yaxşı, bəs, jurnalist, media nə yazmalıdır? Hələ jurnalistlər sağ olsunlar ki, onlardan yazırlar, işıqlandırırlar. Əksinə, bundan dərs çıxarıb, artırmalıdır futbolçular. Döyüşkən komanda ruhunda oynamalıdılar. Məğlub olmaq da olar, kim deyir ki, uduzmaq olmaz? Amma bu cür aciz yox daha.
- Hələ nəzərə almaq lazımdır ki, millimiz Millətlər Liqasında D liqasında yer alan komandalara uduzdu. Özümüz isə C liqasında mübarizə aparacağıq. Slovakiya, Belarus və Qazaxıstanla eynin qrupda yer alan millidən hansı nəticəni gözləyirsiz?
- Bütün oyunçular sınaqdan keçirildi. Oynadıqları budur, bundan artıq deyil ki. Doğrudur? O boyda komandalar var, gəncləşdirmə siyasətinə keçirlər. U-21 yığmamız Estoniyaya qarşı oyunda ilk qələbəsini qazandı. Daha sonra Belarusa uduzdular. Baxırdım oyunlara. O qədər 21 yaşlı uşaqlar itib gedib. Bilirsiz niyə? Oynayan uşaqların çoxu itdi getdi. Çünki oynamağa yer yoxdur. Birinci divizion uşaq bağçasıdır, düz-əməlli liqa deyil. Birinci liqa hara, “dubl” hara? Hər ikisinin fərqli siyasəti olur. 21 yaşı olanda futbolçu hara gedəcək? 8 klub var, hərəsində də 7 legioner azı. Harada oynayacaqlar? Bax, indi U-21-də oynayan uşaqlar var e, onlar 1-2 ildən sonra harada oynayacaq? Əksəriyyəti batıb gedəcək. Çünki komanda yoxdur. Birinci divizionda da “dubllar”ı çıxsan, 5 komanda var.
- Bəs millinin baş məşqçisinin “üç ötürmə edə bilmiriksə, hücum futbolundan danışmaq yersizdir” fikriylə necə, razısız? Yoxsa italiyalı baş məşqçi məsuliyyəti üzərindən atır və futbolçuların bacarıqsız olduğunu iddia edir?
- Gələndə bilmirdi ki, üç ötürmə verə bilmir bizimkilər? Özü də gələndə deyirdi ki, baxırdım Azərbaycan millisinin oyunlarına. Gələndə deyir belə edəcəm, elə edəcəm, daha sonra da öz üzərindən atır və deyir, futbolçular budur. Belə çıxır ki, hər şey müqavilə imzalayana qədərdir. Bura gələnlər elə müqavilə imzalayana kimi danışır, bağlayır, sonra çıxıb gedir, deyir “bağışlayın, əmioğlu, əmələ gəlmədi”. Bəs bunlara dərs olmur bütün baş verənlər? Kimdədir günah? Strukturdadır. Günah nə məndədir, nə də başqasında. O qədər məşqçilərimiz var, təyin edin də milliyə baş məşqçi. Yaxşı, bir azca maliyyəni də azaltsınlar. Onsuz da uğursuzluq davam edir. Hamısını “kaşa” elədilər, vurdular bir-birinə. Alman gəldi, braziliyalı gəldi, xorvat gəldi, italiyalı gəldi, niderlandlı gəldi….
- Ən azından, indiki məqamı qurtarmaq üçün Canni De Byazini istefaya göndərib, onu yerli mütəxəssislə əvəzləmək, ziyanın yarısından da qayıtmaq kimi olar?
- Mən demişdim də, o vaxtı Rəşad Sadıqovun adı hallananda. Dedim Rəşadı təyin edin, o işləsin də. Fərqi yoxdur, Rəşad işlədi, mən işlədim və ya başqa bir azərbaycanlı mütəxəssis. Hamısı peşəkar futbolçulardır. Meydana çıxıb hərə öz işini layiqincə yerinə yetirməlidir. Orada Canni De Byazi yox, kim olur-olsun bunu etməlidilər.
- Şimali Makedoniya Portuqaliyanı məğlub edə bilsəydi, dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqdı. Bu yığma U-21 kimi Avropa çempionatında da mübarizə aparmışdı. Sistemli şəkildə bura qədər gəlib çıxıblar. Sizcə, biz niyə Şimali Makedoniya kimi ola bilmirik?
- Sualı verdiz, cavabı da özünüz verdiz. Bu yerə sistemli şəkildə gəlib çıxıblar. Bizdə o sistem yoxdur, heç kimi də maraqlandırmır. O cür sistem qurmaq üçün fikirləşmək, götür-qoy etmək lazımdır. Nə bildilər, onunla da getdilər, nə sistem, nə bir şey. U-17 belə oynayır, U-19 başqa cür oynayır, U-21 fərqli oynayır. Millini gəncləşdirmək üçün lap aşağıdan başlamaq lazımdır. Düzdür, futbolçunun pasportu meydandadır. Daha belə də yox da. Millidə elə uşaqlar var, onların yerinə gəncləri oynadıb, təcrübə qazanmlarına kömək etmək olar. Əli Qurbanini gətirdilər, milliləşdirdilər. Nə olsun? Ona ehtiyac var? Bir oyun oynadı, getdi yerli kimi “Sumqayıt”da oynadı. Gəncləşdirmə də sistemli şəkildə olur. Dünya səviyyəli komandalar da gəncləşdirir. Almaniya özü də 1-2 mövsüm istədiyi kimi oynaya bilmədi, nə var, nə var, komandanı gəncləşdirsin. Fransanın özü. Hamısı gəncləşdirdilər. Türkiyədə də DÇ-2002-də üçüncü yeri tutduqları vaxtı, həmin nəsil idi ki, gəncləşdirmənin nəticəsi idi. Düzdür, ondan sonra onlarda nəslin davamı gəlmir. Burada da fikirləşib, nəsə etmək lazımdır. Yoxsa, biri gəldi 32 yaş, o biri 34 yaş… Onsuz da final mərhələsinə çıxa bilmirik, çıxası da deyilik, məqsəd yoxdur. Bu oyunla final mərhələsinə çıxası da deyillər. Fikirlərimi həmişə deyirəm, yəqin qulaqardına vururlar, deyirlər “Vidadidir də, danışır”. Amma yekunu çox pis olacaq. Futbolumuz düzələnə oxşamır. Lap çempionatda 10-12 komanda olsun, futbolumuz hələ düzələn deyil. Bunu hamı birdəfəlik bilməlidir. Məşqçilər qalib gəlmək istəyir. Futbolçu qıtlığı da var. Geridə qalan illərdə nə qədər futbolçu itdi. Birinci liqa, uşaq futbolu… Limit qoydular, 7 gənc oynayacaq, 4 təcrübəli oynayacaq. Onu edəndən sonra da futbolumuza mənfi təsir etdi. Birinci liqa ilə əvəzedici heyət çempionatı ayrılmalıdır. Uzağa getməyin, Türkiyənin 1-ci liqasına baxın. Görün orada necə oyunlar gedir, daha sonra təkrar bizim 1-ci liqaya baxın. Belə 1-ci liqa olar? Kimə deyirsən, deyir maliyyə yoxdur. Maliyyə yoxdur, xarici məşqçilərə verilən pulları verin birinci dəstədəki komandalara, yeni komandalar yaradın. Limiti götürün, limit olmasın. Camaat gəlsin futbol oynasın. Allah etməsin, amma U-21 yığmasındakı uşaqların adını yadınızda saxlayın. Görün, nə qədər uşaq itib-batacaq. Buna qədər U-21-də oynamış nə qədər itib-batıb, hesablayın. Yoxdular. Bəs kim oynayacaq? Çempionatdakı komandalarımızda 4 meydan oyunçusu oynayır. Neçə nəfər etdi? 32 futbolçu. U-21 limitini götürsən belə edir. Deyirlər, legioner sayını artıraq, gedib legionerlər gətirsinlər. Bir ara deyirdilər hamısı legioner olsun. Biz axı İspaniya, İngiltərə, Almaniyayıq, 11 yox, 20-30 legioner gətirmək lazımdır. Problemimiz böyükdür. Danışa-danışa qocaldıq.
Məhəmməd
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin