Vadji əliylə qol vurdu, Qurban Qurbanov…
“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel “Olimpik”i (Fransa) ilə ev oyununda əsl feyr-pley nümayiş etdirib.
Komanda.az xəbər verir ki, 12-ci dəqiqədə hesabda geriyə düşən Azərbaycan təmsilçisi 34-cü dəqiqədə bərabərlik qolunu vurub.
Lakin İbrahima Vadji topu tora əli ilə daxil etsə də, bu, hakimlərin diqqətindən yayınıb. Konfrans Liqasında VAR sistemindən istifadə olunmadığı üçün matçın baş hakimi qolu qeydə alıb. Fransa klubunun futbolçuları dərhal hakimlərə etiraz etməyə başlayıblar. Onlar hətta “Qarabağ”ın futbolçuları ilə də mübahisə ediblər. Nəticədə, qarşılaşmanın polşalı baş hakimi bir neçə futbolçuya sarı vərəqə də göstərib.
Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini yanına çağıraraq, onunla söhbətləşdikdən sonra futbolçu qolu əli ilə vurduğunu hakimə etiraf edib. Polşalı referi məhz bundan sonra qolu ləğv edib.
Bizi Facebook-da izləyin