
Şükurov “Kəpəz”in yeni mövsümdəki hədəfini açıqladı – MÜSAHİBƏ
“Kəpəz”in baş məşqçisi Adil Şükürov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Hazırda komandanın yeni mövsümə hazırlığı nə yerdədir?
– Hazırlığı tam planlaşdırdığımız kimi keçə bilmədik. Səbəb isə danışdığımız futbolçuların hamısının tam olaraq komandaya qoşula bilməməsi ilə əlaqəlidir. Qalan hər bir işimiz qaydasında oldu. Şükürlər olsun ki, klubun yeni bazasında futbol üçün lazım olan bütün imkanlar var.
– Hazırlıq planını tam həyata keçirə bilmədiyinizi deyirsiz. Başqa hansısa çətinliklərlə qarşılaşdıız?
– Qeyd etdiyim kimi, yeganə çətinliyimiz fikirləşdiyimiz futbolçuların bizə vaxtında qoşula bilməməsidir. Qalan hər bir şəraiti rəhbərlik komandaya təşkil etdi ki, bunun üçün də onlara öz təşəkkürümü bildirirəm.
– Növbəti mövsümdə qarşıya qoyulan əsas məqsədlər nədir?
– Bu il komandanın qarşısına qoyulan hədəf çempionatda 6-cı, 7-ci yerlər uğrunda mübarizə aparmaqdır. Bundan sonra isə yeni mövsüm üçün çatışmazlıqları aradan qaldıraraq, daha yüksək yerlər uğrunda mübarizə aparmaq mümkün olacaq.
– Klub rəhbərliyi ilə hədəflər baxımından ortaq məxrəcə gələ bilmisiz?
– Təbii ki, rəhbərliyin müəyyən etdiyi hədəflər müzakirə olundu. Bundan sonra isə hədəfə doğru yol xəritəsi müəyyənləşdirildi. Düzdür, hər şey tam istədiyimiz kimi olmadı, amma ümumilikdə çempionata hazırlıq davam edir.
– “Kəpəz”ə yenidən baş məşqçi kimi qayıtmaq sizin üçün nə deməkdir?
– “Kəpəz” mənim üçün doğma klubdur. Futbolçu kimi Mehman müəllimin (Mehman Allahverdiyev) məşqçiliyi ilə bu klubda çempionatın gümüş medalını qazanmışam və Azərbaycan kubokunun qalibi olmuşam. Həmin dönəmdə bir çox məsələlər olmuşdu ki, o günlərdən sonra “Kəpəz” mənim üçün bir başqa doğma olub.
– Budəfəki dönəmin əvvəlkindən nə ilə fərqləndiyini düşünürsüz?
– “Kəpəz” bildiyiniz kimi, Azərbaycan çempionatının köklü komanlarından biridir. Bu komandada çalışmaq və uğurlarında pay sahibi olmaq hər bir məşqçinin arzusudur. Bildiyiniz kimi, 2023-2024 mövsümündə komandanın Premyer Liqada qalmasında məşqçi kimi bizim də iştirakımız olmuşdu. İndi isə hədəflər artıb və bunun üçün də bizə inanıb güvənən insanlar var. Vacib olan bizə güvənən insanları gözləntilərinə uğurla çatdırmaqdır.
– Gəncəli azarkeşlərlə münasibətiniz necədir?
– Gəncədə futbolu sevirlər və yaxşı bilirlər. Gəncəli azarkeşlər daim “Kəpəz”in zirvədə olmasını istəyirlər və bunun üçün həmişə komandanın yanındadırlar. Bu, istər yoxlama oyunları, istərsə də rəsmi matçlar olsun. Bir də, “Kəpəz”in qocaman azarkeşləri var ki, onlar komandanın oyununu müzakirə edirlər. Bəzən onlarla görüşür, “Kəpəz” tarixinin məşqçilərini və futbolçularını yad edirik.
– Azarkeşlər yeni mövsümdə “Kəpəz”dən nə gözləsin?
– Hədəflər məlumdur və bu hədəfə getmək uğrunda hamı üzərinə düşəni etməyə çalışmalıdır. Ancaq hər kəs üzərinə düşən vəzifəni yerinə yetirdikdə uğur ola bilər. Biz uğurun olacağına inanmalıyıq və birlikdə bu uğura doğru getməliyik.
– Azərbaycan Premyer Liqasının yeni mövsümdəki səviyyəsi barədə nə deyə bilərsiz?
– Premyer Liqa ildən-ilə inkişaf edir. İstər klublarımızın avrokuboklardakı çıxışlarına baxdıqda, istərsə də çempionatda olan oyunları izlədikdə, gərgin gedən mübarizə bunun bariz nümunəsidir. Düşünürəm ki, builki çempionat daha gərgin mübarizə şəraitində keçəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



