“Vəziyyətimiz kritikdir” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 12-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Oyun yoxdusa, nə danışasan? Birinci divizion səviyyəsində matç keçdi. Temp yox idi, qərarlar sıfırın altında. Bu halda nə demək olar? Bunları öz komandama aid edirəm. Danışmağa söz tapmıram. Futbolçulara paltardəyişmə otağında demişdim ki, bu oyunun taleyini diqqətsizlik həll edə bilər. Yeganə qolu ya biz vuracaqdıq, ya da rəqib. Vəziyyətimiz kritikdir. Özümə deyirəm ki, səbirli olmalıyıq. İndiki halda əldən nəsə gəlmir. Bir variant düşdü, Riçard Qadzeni heyətə cəlb etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunu futbolçu formaya düşsün deyə qurban veririk.
Hazırda sakitəm. Çünki gələndə vəziyyətin necə olduğunu bilirdim. İlk müsahibəmdə də demişdim ki, komandanın içinə düşəndən sonra vəziyyətin necə olacağını biləcəm. Klub rəhbərliyi ilə gəlişimi müzakirə edəndə özüm üçün siyahı tərtib etmişdim. Orada gələcək planlar yer almışdı. Qış fasiləsinə qədər qazanacağımız futbolçular, komandanın oyun planı, görəcəyimiz işlər və s. Səbr etməyib, qışqırmaqla nə düzələcək ki? Dözmək lazımdır.
Stadiondakı abu-hava əla idi. Amma buna da uyğun futbol göstərməlisən. Təbii ki, rəqibin azarkeşləri bu gün sevinərək stadionu tərk etdilər. Lakin oyuna baxırsan, 2-3 ötürmədən sonra qırılma olur. Kənardan düşünürsən ki, bu nə futboldur? İnanın ki, özümüz də bu gün qalib gəlsəydik, yenə də eyni sözləri deyəcəkdim.
Rəhbərliklə fikrimiz eynidir. İşlərimizi də ona uyğun qururuq. Hansısa futbolçunu göndərməliyiksə, buna görə çıxış yolu tapmalıyıq. Təbii ki, ayrılan büdcədən kənara da çıxa bilmərik. Çalışırıq ki, az olsun, amma səviyyəli futbolçular olsun. Bəzi futbolçularımızla söhbətim olacaq. Çünki 1-2 nəfərin yanaşması xoşuma gəlmir. Bu məsələdə səbr etməyə ehtiyac yoxdur. Lakin bu, oyunumuza təsir etməyəcək. İndiki məqamda işimiz komandanı növbəti oyuna hazırlamaqdır”.
Bizi Facebook-da izləyin