“Vətən”in açıq birinciliyi keçirildi
Azərbaycan Kikboksinq Federasiyası, Suraxanı rayon Gənclər və İdman İdarəsi və “Vətən” idman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən” kikboksinq klubunun açıq birinciliyi keçirilib.
Komanda.az xəbər verir ki, yarışdan əvvəl “Vətən” kikboksinq klubunun rəhbərliyi və üzvləri Şəhidlər Xiyabanını ziyarət edib. Yarışın açılış mərasimində 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışı açıq elan edən Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin sədri Həsən Hüseynov bütün iştirakçılara uğur arzu edib, eyni zamanda “Vətən” kikboksinq klubuna təşəkkürünü bildirib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Çıxış edən Sərhədçi Olimpiya Kompleksinin rəisi, polkovnik Elşən Mirzəyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, “Vətən” Kikboksinq Klubunun İdarə Heyətinin sədri Mehdi Hüseynov, Dövlət Sərhəd Xidmətinin zabiti Cabir İsgəndərov, Beynəlxalq Kempo Federasiyasının səlahiyyətli nümayəndəsi, əməkdar məşqçi Rauf İbrahimov və dünya çempionu Eduard Məmmədov Azərbaycanda kikboksinq idman növünə göstərilən qayğı və əldə olunan nəticələrdən söz açıblar.
Daha sonra iştirakçılara fəxri fərman, diplom və mükafatlar təqdim olunub.
Qeyd edək ki, Bakı və Sumqayıtın 12 klubundan 150-dən çox idmançısının iştirak etdiyi yarışın keçirilməsində məqsəd kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növünün inkişafı, kikboksinq idman növünün kütləviliyinə nail olmaq, gənclərin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda idman klubunun yığma komandasının komplektləşdirilməsindən ibarət olub.
Yarış Beynəlxalq WAKO qaydalarına uyğun Lou-Kik və Kik-layt versiyaları üzrə baş tutub.
Bizi Facebook-da izləyin