“Qardaş, bölgə futbolu olmasa, çempionatda komanda sayı artırılmasa, elə acınacaqlı vəziyyətdə qalacağıq” – Müsahibə
“Vətən” Futbol Məktəbində və uzun müddət “Sabah”da məşqçi kimi işləyən Rövşən Babayevin Komanda.az saytına müsahibəsi:
- Rövşən bəy, Azərbaycan milli komandasının son üç oyununa baxdıqda nəzərə çarpan müsbət və mənfi məqamlar hansılardır?
- Onu deyə bilərəm ki, üç oyun oynadılar, Portuqaliya ilə əzmkar oyun alındı. Digərlərində deməzdim ki, əzmkar oynamadılar. Lakin həm oyun, həm də nəticə qənaətbəxş olmadı. Portuqaliya ilə matçda uşaqlar yaxşı oynamağa, nəticə əldə etməyə çalışırdılar. Amma bilməliyik ki, müdafiədə oturmaqla bizim nəticə əldə etməyimiz ağır olar. Qətərlə yoxlama matçında hamıya şans verildi. Bu oyunlardan sonra mənə qaranlıq qalan məqam o oldu ki, Namik Ələskərov nə üçün az şans qazandı?
- Namik Portuqaliya ilə 7, Qətərlə oyunda isə 35 dəqiqə şans qazandısa, Serbiya ilə matçda ümumiyyətlə heyətə daxil edilmədi…
- Namik Premyer Liqanın bombardiridir və “Neftçi” klubunda böyük iş görür, liderlərdən biridir. Ona şans verilsəydi, yaxşı olardı.
- Təkcə Namik deyil, ümumiyyətlə, Canni De Byazinin heyət seçimi birmənalı qarşılanmadı. Bir məşqçi kimi, De Byazinin gəlişindən sonra millidə hansı dəyişikliyi müşahidə edirsiz?
- Belə deyək də, kim gəlsə də, biz yenə müdafiədə oturur, qabağa çıxa bilmirik. Açığı, mən millidə nəsə bir irəliləyiş görməmişəm.
- Məşqçilər dəyişsə də, oyunda və nəticələrdə dəyişiklik görmədiyinizi dediz. Futbol ictimaiyyəti bunun başlıca problemini AFFA-da görür. Sizcə, yaxşı nəticə qazanaq üçün nə çatmır?
- Belə deyək, başa düşürəm, hamı deyir ki, belədir, elədir. Qardaş, bölgə futbolu olmasa, çempionatda komanda sayı artırılmasa, elə acınacaqlı vəziyyətdə qalacağıq. Bu vəziyyətdə futbolçunun nə keyfiyyəti artacaq, nə də kəmiyyəti.
- Bəs nə etmək lazımdır ki, keyfiyyət də artsın, kəmiyyət də?
- Klublar çoxalmalı və bölgələrdə futbol olmalıdır.
- Sizin məşqçi karyeranız daha çox aşağı yaş qrupları ilə bağlıdır. Keyfiyyətli futbolçunun yetişməsi üçün nə çatmır?
- Ən böyük problem akademiyaların olmamasıdır. Görürsən ki, hamı bir məktəb açıb, bir yer götürüb, pul qazanır. Pul alır, oyunçu yetişdirir. Baxın, görün bu akademiyalarda kimlər işləyir? Bu dəqiqə nə qədər “Pro” kateqoriyalı məşqçilərimiz qalıb qıraqda, işləmirlər. Mənə elə gəlir ki, yaxşı akademiya olmalı, keyfiyyətli futbolçuların yetişməsi üçün klub rəhbərləri görülən işlərə yaxşı nəzarət etməlidir. Həm də, düşünürəm ki, orda savadlı, bilikli məşqçilər işləməlidir. Pis çıxmasın, dünən futbolu qurtaranlar bu gün məşqçi işləyir. Məşqçilik təcrübəsi olmayanlar uşaq yetişdirməyə çalışır və bu, böyük problemdir.
- Hazırda Azərbaycandakı futbol akademiyalarından hansıları fərqləndirə bilərsiz?
- Klublarda akademiya yoxdur. Bir “Sabah”dır, bir də “Qəbələ”dir. “Qəbələ” də bacardığı qədər futbolçu yetişdirməyə çalışır. Bu akademiya Azərbaycan futboluna öz töhfələrini verib. Ancaq indi onlar da demək olar ki, yox halındadır. Bir “Vətən” akademiyasıdır, bir də “Sabah”dır ki, nəsə etməyə – Azərbaycan futboluna töhfə verməyə çalışır. Yaxşı olardı ki, klublarda akademiyalar ola. Və istəyərdim ki, orda hər yerindən duran çalışmasın. Kimisə təhqir etmək fikrim yoxdur. Amma istəyərdim ki, akademiyalara “Pro” kateqoriyası olan savadlı məşqçilər dəvət olunsun, onlar orda işləsinlər. Bu şərtlərlə akademiyalarda inkişaf olar.
- “Sabah” və “Qəbələ”nin akademiyasının adını çəkdiz. Burda yetişən, gələcək vəd edən futbolçulardan kimlərin adını çəkə bilərsiz?
- Mənim son iş yerim də “Sabah” olub. Son 4 ili orda olmuşam, daha əvvəl də “Vətən”də. Orda perspektivli oyunçular var. Təbriz İsazadə, Ceyhun Nuriyev, Arsen Ağcabəyov, Veysəl Rzayev var. Onlar gələcəkdə nəyəsə nail ola bilərlər.
- Uzun müddət “Sabah”da çalışmısız. Bu klubda hansı işləri görmüsüz?
- Elşad Əhmədov “Sabah”a baş məşqçi gələndə, sağ olsun, məni çağırdı yanına. Sonra mövsümün sonunda əvəzedici komandaya baş məşqçi təyin etdilər. Qarşımda olan məqsəd əsas komandaya futbolçu vermək idi. Şükür, bu vəzifənin öhdəsindən gələ bildik. Arsen, Ceyhun əsas komandanın heyətinə çağırıldı. Bir də, Abdullah Rzayev var, 2002-ci il təvəllüddür. Çox böyük perspektivli futbolçudur.
- Bəs nə üçün “Sabah”dan ayrıldız?
- Yeni baş məşqçi gəldi. Mən Visente Qomesin köməkçisi idim. O getdikdən sonra məni rəhbərliklə görüşə dəvət etdilər və yeni gələn baş məşqçinin öz komandasının olduğunu dedilər. Futbol həyatıdır və mən bunu başa düşdüm. Klubla sağollaşdım, onlara gələcəkdə uğurlar arzuladım və əl sıxıb getdim.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin