Vəssalam, “Qarabağ” nağılı bitdi?

Vüsal “Aydın” Qəmbərov

Ötən həftəsonu “Qarabağ” “Zirə”yə uduzdu və klubun yaxın tarixində görülməmiş bir şey baş verdi: ardıcıl 4 oyunda məğlubiyət. Üstəlik bu, avrokuboklar mövsümünün xoş olmayan yaddaqalanlığına da “bəzək vurdu”.

“Qarabağ” avrokuboklarda qrup mərhələsinə düşməyə başladıqdan bəri “ən uğursuz” mövsümünü keçirir… keçirdi. “Ən uğurlu” mövsümün ardındın, “ən böyük uğur”u əldə edən heyətlə…

Sadəcə bu cümlə həm klubumuz, həm futbolumuz, həm də ümumiyətlə, futbol aləmi üçün başlı-başına dərsdir, dərslik materialıdır.

Keçən mövsüm Avropanın futbol meydanlarında fırtına kimi əsən “Qarabağ” var idi. Və bunu təsadüf və bəxtdən çox, əzmkarlıq, strateji ağıl, komanda işi, yüksək enerji və motivasiya hesabına etmişdi.

“Təsadüf” və “bəxt” sözlərini boşuna işlətmədim. Avrokubokların istənilən mövsümünə bir nəzər salsaq, bu və ya başqa şəkildə, amma əsasən bəxtin hesabına müəyyən mərhələlərə qədər irəliləmiş klublar görmək olar. Amma 2023/24 mövsümünün “Qarabağ”ı başqa bir səviyyə və hekayə idi.

Məsələ odur ki, keyfiyyətli və möhkəm klubların da bəzən bəxtsizlikdən mövsümü bütöv və ya bir hissəsini bada verdikdiləri olur.

Həmin tarixi “Qarabağ”dan bu mövsümkü “tarixi” “Qarabağ”a keçid də təsadüf olmadı.

Mövsümün əvvəlində “Ura, qalib heyəti saxladıq, bu dəfə hədəf 1/4 finaldır” deyənlərə qoşulub indi bu mövzuda məntiqin axtarışında olmaq mənə bir az ağır gəlsə də, geriyə dönüb baxanda hər şey məntiqlidir.

Bəs, məsələ nə idi, nədir ümumiyətlə?

İndi anlayırıq ki, o uğur həmin komplektləşmiş heyətin gözündə də uğur imiş. Pilləkəndəki növbəti pillə yox, neçəncisə mərtəbəyə çatdıran son addım imiş. Bu heyət artıq öz zirvəsinə çatmış imiş. “Bayer”in ağlını başından alan Leandro-Marko bağlantısı və ya “Braqa”nı zəlil qoyan Benzia-Zubir-Leandro-Juninyo kvrateti ilə elə bu imiş. Bəhlul Mustafazadə və ya Elvin Cəfərquliyev gəlib son “məntəqə”yə çatıbmışlar.

Mövsümboyu oyunçuların gözlərində olmayan o işıq bunu deyirdi. “Dinamo”ya uduzanda da, “Malmö”yə isveçlilərin yeganə qələbəsini Bakıda hədiyyə edəndə də o tərpəniş görünmədi. Bunu bu mövsümə başlamadan bilə bilməzdik. Ən azından biz. Amma içəridən bunu sezmək olardı. “Qarabağ” kimi təcrübəli komanda bunu görməliydi.

Çözüm isə bu heyətə gözlərində işığa, çiyinlərində liderlik şuxluğuna, ürəyində və beynində yeni qələbələrə yerə sahib komanda yoldaşlarının və liderlərin əlavə olunmasıydı. Doymuş “Qarabağ”ı daha artığını istəməyə həvəsləndirəcək personalara.

Addai ümumiyyətlə, o xüsusiyyətlərdən uzaqdır. Aleksey Kaşuk istedadlı olsa da, lider deyil, çünki çox eqoist və mənfəətinin vəkili bir futbolçudur. Qapıçıların böyük oyun meydanında təcrübəsinin olmaması da sözünü dedi.

Beləcə, bu əlavələr komandanı (konsultasiya etdiyim şirkətlərdə də hər zaman nail olmağa çalışdığım) o “level up” (özünü bir səviyyə daha yaxşılaşdırmaq) təkanına apara biləmədi və bilməzdi.

“Arsenal”, “Sportinq” və “Vorskla” ilə bir qrupdaykən 6 oyunda cəmi 3 xal qazanmışdıq və bu dəfə daha aşağı nəticə göstərdik: 8 oyunda 3 xal. Əvvəldə də dediyim kimi, bu, “Qarabağ”ın ən uzağa getdiyi mövsümün ardınca baş verdi.

Belə yerdə əslində, idman adamına yaraşan yaxşı nəticə göstərəndə azca və qısa müddətə sevinmək, işlər alınmayanda isə qətiyyən üzülməyib növbəti addıma hazırlaşmaqdır. “Uğur” və “uğursuzluq” sözlərini işlətmirəm diqqətinizi çəkdisə. Girişdə də dırnaq arasında yazmışam. Çünki idmanda uğur və uğursuzluq prosesin gedişində istifadə olunmamalı olan, sadəcə, hər şey yekunlaşdıqdan sonra müraciət edilməli etiketlərdir.

“Qarabağ” üçun isə bu səyahət hələ davam edir. Səhvlərindən dərs çıxarmış Qurban Qurbanov və “armada”sı növbəti mövsüm bu payız/qış mövsümündə baş verənlərin sadəcə prosesin təbii parçası olduğunu sübut edəcək… Dərs çıxarılmamış olsa, o zaman “səyahət” də yekunlaşacaq və Qurban Qurbanovun “Qarabağ”ı “Azərbaycan futbol tarixinin ən parlaq incisi” kimi tarixin səhifələri arasında öz yerini tutacaq.

İnanıram ki, hələ “Qarabağ”ın deyiləcək sözləri bitməyib… Bu “Qarabağ”ın simfoniyasının son notları hələ yazılmayıb…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button