“Uypeşt” biabırçılığı, “dünənki” “Səbail” və Quliyevlə Bordini gözləyən sonluq
Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına aprelin 18-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.
Siz çox da əmin olmayın
Bu mövsüm “Neftçi”nin qəniminə çevrilən “Səbail” autsayderlər sırasında qərarlaşan “Sumqayıt”ın qonağı olacaq. Sumqayıt təmsilçisinin Premyer Liqada əli hər şeydən üzülüb, onları sadəcə, sonuncu pillədəki “Keşlə”ni qabaqlamaq düşündürür. Çempionatın qalan turlarında “kimyaçılar”ın hazırda qərarlaşdıqları 7-ci pillədən yuxarı qalxacaqları inandırıcı deyil. Deməli, məqsəd ancaq sonuncu pilləyə düşməmək üçün mübarizə olmalıdır. “Səbail” isə son turda “Qarabağ”la çempionluq mübarizəsində olan “Neftçi”yə vurduğu “badalaq”la (2:2) hər kəsin dilinin əzbəri oldu. “Neftçilər”ə gücünü göstərən komandanın “Sumqayıt” kimi nə oynadığı bilinməyən rəqibin qarşısında xal itirəcəyi gözlənilən deyil. Amma bu, Azərbaycan Premyer Liqasıdır, siz çox da əmin olmayın.
Statistika nə deyir?
“Sumqayıt” iki matçdır qol buraxmır. Son üç oyunda qonaq olan komanda qol vurmayıb.
Sumqayıt – Səbail: 7 oyun, 3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi 5-4
Risk etmək olmaz
“Səbail”in “Neftçi”ni büdrətməsi sayəsində turnir cədvəlində vahid liderə çevrilən “Qarabağ”ı bu tur autsayder “Keşlə” ilə qarşılaşma gözləyir. Başqa zaman olsaydı, Qurban Qurbanov əsas heyətin üzvlərinə istirahət imkanı yaradıb, ehtiyatda gün keçirən futbolçularla da bu “Keşlə”ni məğlub edə bilərdi. Amma çempionluğun taleyinin həll olunduğu bu günlərdə Qurbanov çətin ki, risk edib, “Keşlə” ilə görüşə məşq kimi yanaşsın. Nə olsun ki, Keşlə təmsilçisi 24 oyuna cəmi 19 xal yığıb? Nə olsun ki, “Keşlə”nin Zaur Axundov kimi futbola təsadüfən düşmüş bir rəhbəri var? Risk etmək olmaz!
Statistika nə deyir?
“Keşlə” üç oyundur qalib gəlmir. “Qarabağ” ardıcıl iki qələbə qazanıb.
Qarabağ – Keşlə: 58 oyun, 26 qələbə, 19 heç-heçə, 13 məğlubiyyət, top fərqi 68-38
“Zirə” “Sumqayıt” deyil
Tale Heydərovun prezident postundan istefasından sonra ilk oyununu ötən tur “Keşlə”yə qarşı keçirən və qələbə qazanan “Qəbələ” bu dəfə doğma meydanda “Zirə”ylə üz-üzə gələcək. Artıq mətbuatda “qırmızı-qaralar”ın yeni sponsorun himayəsi altına keçdiyi haqda xəbərlər dolaşır. Amma bu sponsor kimdir, nəçidir, bu barədə hələ ki, heç bir rəsmi açıqlama verilməyib. Məlum olan bir şey var ki, o da “Qəbələ”nin Avropa Liqasına can atmasıdır. Düzdür, komanda bu istəyinə ölkə kubokunu qazanmaqla da çata bilər. Ancaq bunun üçün Qəbələ təmsilçisi əvvəlcə yarımfinalda “Qarabağ”ı keçməlidir. Bu isə hazırkı “Qəbələ” üçün həddən artıq çətin tapşırıqdır. Ona görə də, “qırmızı-qaralar” bütün gücüylə 3-cü yerə sahib olmaq uğrunda mübarizə aparır. Həmin yer ki, orda “Səbail” qərarlaşıb. “Qəbələ” “Zirə”ni doğma meydanda məğlub edib, “Səbail”in “Sumqayıt”la görüşdə xal itirməsinə ümid edəcək. Hərçənd, “Zirə” “Sumqayıt” deyil, daha möhkəm komandadır.
Statistika nə deyir?
“Zirə” 4 oyundur uduzmur. Son iki matçda heç-heçə qeydə alınıb.
Qəbələ – Zirə: 15 oyun, 4 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi 16-13
“Sabah” “Neftçi”dən xal qoparsa…
Turun son oyununda “Neftçi” “Sabah”ın qonağı olacaq. Ölkənin ən köklü klubu son turda “Səbail”lə görüşdə xal itirməklə, çempionluq yarışında “Qarabağ”dan 2 xal geri düşdü. “Neftçi” rəhbərliyinin “bəh-bəh”lə “sükan arxasına” gətirdiyi Roberto Bordinin komandaya oynatdığı futbol güvən vermir. Böyük tarixi olan, daim çempionluq mübarizəsi aparan bir komanda “dünənki” “Səbail”lə iki oyunda cəmi 1 xal qazanırsa, hansı güvənli oyundan danışmaq olar? Bordin “neftçilər”lə ilk ciddi sınağında Avropa Liqasında Macarıstan “Uypeşt”inə biabırçı hesabla uduzaraq (0:4), mübarizəni dayandırmışdı. Həmin vaxt italyan mütəxəssisin komandada yeni olduğunu nəzərə alıb, hər kəs “Uypeşt” biabırçılığını həzm etdi. Bəs indi? Axı bu komandanı Bordin özü qurub. “Neftçi”yə İtaliyadan tutmuş, Moldovoya kimi ölkələrdən futbolçular transfer edilib. Mövsümün sonunda nəticə çempionluq olmayandan sonra bu qədər pul xərcləməyin nə mənası var idi? Hələ “ağ-qaralar”ın ölkə kubokunda mübarizəni dayandırdığını demirik.
“Sabah” isə son turdakı “Qarabağ” məğlubiyyətinin əvəzini “Neftçi”ylə oyunda çıxmağa çalışacaq. Elşad Əhmədovun komandası rəqibindən xal qoparsa, onda “neftçilər” üçün mövsümün havaya sovrulduğu bir az da yəqinləşəcək. Onda isə klubun prezidenti Kamran Quliyevlə Roberto Bordin “Neftçi” azarkeşlərinə hesabat verməli olacaq.
Statistika nə deyir?
Hər üç oyunda “Neftçi” qalib gəlib. “Sabah”ın ev oyununda hər iki komanda qol vurub.
Sabah – Neftçi: 3 oyun, 0 qələbə, 0 heç-heçə, 3 məğlubiyyət, top fərqi 1-7
Komanda.az
Bizi Facebook-da izləyin