“Üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:0) şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu oyunlarda komandalar daha çox nəticə üçün oynayır. İlk matçdan sonra üstünlük bizdə idi. Oyunu mərkəzdə aparmaq istəyirdik. İkinci hissədə rəqib sistemini dəyişdi və təhlükəli hücumları oldu. Biz də sistemi dəyişəndən sonra oyun düzəldi. Bu gün inamlı mübarizə aparıb, üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi.
- “Neftçi”ni keçmək final şanslarınızı nə dərəcə artırır?
- Hələ növbəti oyuna ay yarım var. Rəqibdə yeni məşqçi var. Bizi yarımfinalda çətin mübarizə gözləyir. Qarşıda çempionat oyunları var və hazırda diqqətimiz bundadır. Yarımfinal oyununa qədər komandaların durumuna görə bir oyun planı quracağıq.
- Rəhbərliyin sizdən tam tələbi nədir? Kubok, yoxsa çempionat?
- Bizim üçün dəyişən bir şey yoxdur. Yolumuzu düz tutub, oyunumuzu yaxşılaşdırmalıyıq. Nə dərəcə alınacaq, bilmirəm. İndidən nəyəsə aldanmaq düz olmaz. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Qış fasiləsindən sonra rəqiblərin performansları da dəyişir. Hər zaman məsuliyyətli olmuşuq. Hər oyuna tam məsuliyyətlə və formanın haqqını verməyə çıxırıq. Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas olan yolumuza davam edib, diqqətimizi itirməməkdir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin