
Urra! Bizim çox yaxşı futbolçularımız var!
Rəşad Ergün
“Qarabağ” uddu, əladır. Amma biz nəhayət, özümüz də futbolçu yetişdirməliyik. Elvin Cəfərquliyevin “Kopenhagen”lə oyunun ən yaxşı seçilməsi duyğu partlamasına səbəb olsa da, anlamalıyıq ki, bu, bütün hesab-kitabı qapadıb, “vəssalam, bizdə də yaxşı futbolçular yetişib, var” demək deyil.
Bilirsiz, özümüzü aldatmayaq, yaxşı futbolçulara yaxşı təkliflər gəlir. Xüsusilə də, daim avrokuboklarda oynayırsansa, “vitrin”dəsənsə, səni mütləq görürlər.
Hətta uşaq da bilir ki, “Qarabağ”ı irəli dartan Qurban Qurbanov və legionerləridir. Qurbanova xaricdən yaxşı təklif gəlsə, qəbul edib getsə, necə olacaq? Ya da, 3-5 ildən sonra adam “daha yoruldum, məndən bu qədər” deyib, məşqçiliyi buraxsa? Kim daşıyacaq Azərbaycan futbolunun yükünü?
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi olduğu illərdə bir-iki qələbə oldu, az qala hamı inandı, əmin oldu ki, hər şey yaxşıdır, yaxşı olacaq. O illərdə də dayanmadan, davamlı olaraq yazırdıq ki, bir-iki qələbəyə aldanmaq olmaz. Robert Prosineçki ilə də eyni şey oldu. Yenə də yazdıq ki, bir neçə qələbə Azərbaycan futbolunun çürük hissələrinin üzərini örtməməlidir, özümüzü aldatmamalıyıq. Bu gün “Qarabağ”ın qələbələrindən ilhamlanıb, bundan az qala azərbaycanlı uşaq məşqçilərinə də pay çıxaranlara illərdir izah etməyə, anlatmağa çalışırıq. Anlamırlar…
Ölkə olaraq Allahın bir şalvarını, corabını belə, istehsal edə bilmirik, Çindən, Türkiyədən geyinirik. Futbolçu nə şalvardır, nə corab, onu özümüz də “istehsal” edə bilərik, etməliyik. Başqa çarəmiz yoxdur. Bu gün hələ ki, gürcülər, ermənilər kimi futbol bazarına çıxara biləcəyimiz bircə futbolçumuz yoxdur. Elə bir futbolçu ki, “buyurun, bu da azərbaycanlı oyunçu, keyfiyyətinə, peşəkarlığına zəmanət veririk” deyə bilək. Varmı?
Dünən əsas komandası “Kopenhagen”i 2:0 məğlub edən “Qarabağ”ın U-19 komandası elə həmin gün Danimarka klubunun 19 yaşlılarına 0:5 hesabı ilə uduzdu. Ondan əvvəl də “Benfika”ya 1:7 hesabı ilə uduzmuşdu. Əksəriyyət buna fokuslanmadı, üzərində dayanmadı, dayanmaq istəmədi.
Abdullah Zubir, Andrade, Kaşuk, Kadi Borges, Kevin Medina, hətta Qurban Qurbanov da bir gün “Qarabağ”dan gedəcək. Sonra nə olacaq?
Özümüzü “bizim də yaxşı futbolçularımız var” yalanları ilə aldatmamalıyıq. “Biz də yaxşı futbolçu yetişdirə bilərik” inamı ilə qollarımızı çırmalayıb, işə başlamalıyıq.
Bizi Facebook-da izləyin



