
“Ümidimizi itirmirik” – Elvin Məmmədov
“Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəyə belə şərh verib:
“Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu vursaydı, üç xal qazansaydıq, daha gözəl olardı.
Premyer Liqada qalmaqla bağlı ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz onlara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq.
Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda “Şamaxı” ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Bizə də hər oyunda çətindir. Fərqindəyik. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik. Futbolda hər şey mümkündür”.
Bizi Facebook-da izləyin



