Ümidi ölənlərin yeni ümidi: İnkişaf Strategiyası haqda qeydlər

Rəşad Ergün

2005-ci ilin 10 oktyabrında ölkə başçısının sərəncamı ilə Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı qəbul ediləndə sevinirdik. Nəhayət, ölkədə futbolun inkişafı üçün ciddi, real addımlar atılacağına inam, ümid yaranmışdı. Amma 2005-2015-ci illəri əhatə edən proqram başa çatandan sonra da Azərbaycan futbolu başladığı yerdə – dibdə idi. “Qarabağ”? Bu komanda Azərbaycan futbolunun yox, fərdlərin işinin, işə yanaşmasının “meyvə”sidir: Baş məşqçinin, klub prezidentinin, idman direktorunun və digərlərinin. 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulanların icraçılar tərəfindən icra edilmədiyi, “papağı günə verdikləri” bütün yaş qrupları üzrə milli komandaların rüsvayçı, üz qızardan nəticələrindən görünmürmü?

İndi isə AFFA-nın yeni rəhbərliyi özünün İnkişaf Strategiyasını açıqlayıb. Yenə ümid, yenə inam, yenə… Hər şey 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı ilə bağlı məsələdə olduğu kimi ola bilərmi? Həm “hə”, həm də “yox”.

Qüsurlu, amma ümid verən İnkişaf Strategiyası

Əvvəlcə, mütləq onu qeyd etmək lazımdır ki, AFFA-nın ABŞ-ın “Mc Kinsey”, Belçikanın “Double Pass” şirkətlərinin də yardımı ilə ərsəyə gətirdiyi strateji planın bəzi maddə və müddəlarında Azərbaycan reallığı nəzərə alınmayıb. Amma yenə də, göstərilən hədəflər “göz qamaşdırır”. Məsələn, kişilərdən ibarət əsas millinin FİFA reytinqində ən yaxşı 75 komanda sırasına yüksəldilməsi strategiyanın uzunmüddətli hədəflərindəndir. “Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı
futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının
yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması” da diqqət çəkən məqamlardandır. Həmçinin, UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-a daxil olmağı uzunmüddətli hədəf olaraq göstərmək də əl çalına biləcək istək sayıla bilər. Uşaq futbolunu inkişaf etdirmək üçün ölkə üzrə 8 regional akademiyanın yaradılması nəzərdə tutulub ki, bu plan-arzu da ilk baxışdan xoş görünür. Ancaq…

AFFA 2005-2015-ci illəri unutmamalıdır

AFFA yeni İnkişaf Strategiyasını kimlərlə həyata keçirəcək? Azərbaycan futbolu AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevdən, sabiq baş katib Elxan Məmmədovdan çəkdiyini çəkib. “Top çiləmə” festivalları, Bakıda Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının təşkili, Avropa Liqasının final matçının paytaxtımızda keçirilməsi – bunların heç biri Azərbaycanda Avropa səviyyəli futbolçu yetişdirmədi. Amma Elxan Məmmədovun FİFA-ya gedən yolunu açdı, Rövnəq Abdullayevə “yuxarı”da yəqin ki, tərif qazandırdı. Və indi AFFA-nın İnkişaf Strategiyasını kimlərlə həyata keçirəcəyi məsələsi düşündürür, düşündürməlidir də. Azərbaycan futbolu isgəndər cavadovlardan, kazbek tuayevlərdən, maşallah əhmədovlardan təngə gəlib. Doğrusu, bu veteranlar kimi, yaxın illərədək milli komandanın, aparıcı klublarımızın üzvləri olmuş əksər sabiq futbolçuların da İnkişaf Strategiyasının işləmə mexanizmində vacib detal rolu oynaması ehtimalı məni qorxudur. Niyə? Pula görə yeri gələndə quzuya, yeri gələndə şirə çevrilən insan qorxulu insandır. Bu adamların son illərdə mətbuata verdikləri müsahibələrə, açıqlamalara baxın. Əminəm ki, haqq qazandıracaqsız. Üstəlik, futbolçu keçmişinə sığınan (necə keçmişdir, onu da bilirik) bu adamların təhsili, savadı, futbol biliyi də ciddi şübhə doğurur.

AFFA rəhbərliyi doğrudan da bəlli bir hədəfə, inkişafa nail olmaq istəyirsə, peşəkar əcnəbilərlə işləməyə üstünlük verməlidir. Ən azı nəzarət baxımından. Peşəkar müqavilələr bağlanmalı, qarşılarına konkret hədəflər qoyulmalıdır. Həmin o Dövlət Proqramı ki var idi, onun icra olunduğu (əslində olunmadığı) dövrdə Azərbaycan çempionatının necə bazara çevrildiyini unutmamışıq. Avrokuboklardan suyu süzülə-süzülə qayıdan klublarımız oyun alırdı, oyun satırdı! Və bunu edən biz idik – azərbaycanlılar. Yalandırmı?

Qarabağ” Lənkəran stadionunda… Və ya, süni örtüklü meydança bəlası

Assosiasiya rəhbərliyi öz strategiyasında məsələnin biznez-marketinq tərəfinə də müddəalar ayırıb. Amma düzü, şəxsən mən dotasiya hesabına gününü gün edən ölkə futbolunun maliyyə problemlərinin başqa hansısa yollarla həll oluna biləcəyi ehtimalına o qədər də inanmıram. Bununla belə, deyək ki, AFFA bu problemi həll etdi. Mütləq şəkildə keyfiyyətsiz süni örtüklü meydançalardan qurtulmaq lazımdır. Azərbaycanlı uşaqlar, futbola könül verən azyaşlılar həmin keyfiyyətsiz süni örtüklü meydançalarda gələcəklərini qazanmaq əvəzinə, sağlamlıqlarını riskə atırlar.

Bundan başqa…

AFFA rəhbərliyi gerçəkdən də ortaya iş qoymaq istəyirsə, Rövnəq Abdullayevin prezidentliyi dövründə “rəhmətə gedən” klubların dirçəlməsinə çalışmalıdır. Xüsusən də, azarkeş problemini həll etmək üçün “Xəzər Lənkəran”ın yenidən futbol elitasına qayıtmasına çalışmaq olar. Ölkənin şimal bölgəsindən də uzun illərdir Premyer Liqada komanda görünmür. Bəs, Zaqatala, Balakən və Qaxı özündə birləşdirən bir klubu yenidən Premyer Liqada görməyin nəyi pis olar? Təbii ki, bu komandaların qolundan tutub Premyer Liqaya atmaq yolu ilə yox. Normal maliyyə mənbələri, sponsorlar cəlb etməklə, komandaların spontan güclənməsinə, reqlamentə uyğun olaraq Premyer Liqaya yüksəlməsinə nail olmaqla. Hazırkı “Qarabağ”ın Lənkəran şəhər stadionunda – “Fırtınalar meydanı”nda oyuna çıxdığını təsəvvür edə bilirsizmi?

Uşaq futbolu problemindən xilas yolu

Dəfələrlə uşaq komandaların məşqlərini izləmişəm. Tam məsuliyyətimlə və futbola Azərbaycan standartlarından, “pəncərə”sindən baxmayan biri kimi deyirəm: Bizdə yaxşı uşaq məşqçisi yox dərəcəsindədir. Əksəriyyəti müasir futbolun tələblərindən, azyaşlılarla davranış qaydalarından xəbərsizdir. Məşqçiləri də qınamaq olmur. Harda gördülər ki, harda da öyrənsinlər? Almaniyanın “Nürnberq” klubunun dünyaca ünlü baş məşqçisi Miroslav Klozenin komandasında forma geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda dediklərindən xəbəriniz var? Adam deyib, ya da, deməyə çalışıb ki, Emreli uşaq futbolunda öyrənməli olduğu şeyləri öyrənməyib. Yoxxx, öyrətməyiblər! Kloze Mahir Emreliyə indi, bu yaşında rəqib müdafiəçinin sağında, yoxsa solunda, arxa tərəfində, yoxsa qarşısında dayanmalı olduğunu öyrədir.

AFFA-nın zəhmət çəkib, pul xərcləyib hazırladığı İnkişaf Strategiyası uşaq futbolundakı problemlər həll olunmadan kağız parçasından başqa bir şey olmayacaq. Tamam, bölgələrdə 8 regional akademiyanın yaradılması nəzərdə tutulub. Amma o akademiyalarda hazırkı uşaq məşqçiləri çalışacaqsa, nəticə fərqli olmayacaq. Ən yaxşı halda Avropaya ikinci bir Mahir Emreli “ixrac edəcəyik”. Mütləq şəkildə Azərbaycana xaricdən uşaq məşqçiləri dəvət olunmalıdır. Milyon manatlarla maaş verib gətirmək bahasına da olsa. Ancaq bu halda uşaqlarımız həm düzgün məşq etməyi öyrənər, həm də düzgün istiqamətdə inkişaf edərlər. Xaricdən dəvət olunacaq uşaq futbolu məşqçiləri bizim “yarımçıq” uşaq məşqçilərini də öyrədər.

İnkişaf Strategiyası haqda günlərlə yazmaq olar. Amma biz 2005-2015-ci illəri əhatə edən futbolun inkişafına dair Dövlət Proqramı haqda sərəncamdakı bəndləri, maddələri, müddəaları da gördük, o proqrama necə əməl olunmadığını, bir qrup dələduzun, işbazın özünü necə Azərbaycan futboluna pərçim edib nələr qazandıqlarını, nələrə sahib olduqlarını da. Ona görə də, yaxşısı səbr etmək, gözləməkdir. Azərbaycan futboluna rəhbərlik edən bu təşkilat – AFFA gec-tez strategiyanın planına, tələblərinə uyğun addımlar atmağa başlayacaq. Qoy, ilk addımlar atılsın, ondan sonra anlayacağıq ki, Azərbaycan futbolunda köklü dəyişikliklərə hazırlıq mesajı verən AFFA-nın özü həqiqətən dəyişib, yoxsa Rövnəq Abduayevlə Elxan Məmmədovun “ruh”u hələ də oralarda dolaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button