
SORĞU: “Ümid yenə də “Qarabağ”adır”
Azərbaycan klublarının avrokuboklardakı rəqibləri artıq məlumdur. Qarşılaşmalar “Zirə” – “Hayduk”, “Araz-Naxçıvan” – “Aris”, “Sabah” – “Çelye” şəklində baş tutacaq. “Qarabağ”ın rəqibi isə “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi olacaq.
Komanda.az saytı “Sizcə, dörd klubdan hansı bu mövsüm avrokuboklarda qrup mərhələsinə kimi irəliləyə biləcək” sualı ilə idman mediasında çalışan bəzi həmkarlarımıza müraciət edib. Sorğuda iştirak edən həmkarlarımızın cavabları maraqlı olub:
Natiq Muxtarlı (“aut.az”)
“Üllüziyaya qapılmağa ehtiyac yoxdur. Bu il də Azərbaycan avrokuboklarda cəmi bir komanda – “Qarabağ”la təmsil olunacaq.
Əslində, Avropanın ortabab, hətta ortababdan da aşağı klubları rahatlıqla Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsində oynayır. Artıq Lüksemburq, Ermənistan, Şimali İrlandiya klubları qrup mərhələsində görünürlər. Bu onun göstəricisidir ki, həm zəif hesab edilən ölkələrdə klublar artıq inkişaf edirlər, həm də, UEFA Konfrans Liqasını yaratmaqla “zəiflər”ə də avrokubok həyəcanı yaşamaq fürsəti verir. Yaxşı ideyadır. Həmin ölkələr bundan maksimum yararlanırlar və futbolu inkişaf etdirirlər.
Düz 11 ildir ki, “Qarabağ” Azərbaycan azarkeşlərinə avrokubok həyəcanı yaşadır. Bəs bundan digər klublar nə götürüblər? İnkişaf ediblərmi? Qətiyyən. Ona görə də, özümüzü aldatmayaq, Avropada futbol inkişaf edib, klublar güclənib, amma Azərbaycan istisnadır.
Avrokubokların qrupuna kim düşəcək – “Zirə”, “Sabah”, yoxsa “Araz-Naxçıvan”? Bir mərhələ adlaya bilsələr, bu, onlar üçün uğur sayılacaq. Bəlkə də, “Sabah”ın şansı var idi. Çünki mübarizəyə Avropa Liqasından başlayacaqları üçün Konfrans Liqasının qrupuna düşə bilərdilər. Amma baş məşqçi dəyişikliyindən sonra bu ehtimal kəskin azaldı. Artıq “Sabah”ın yeni baş məşqçisinin əlində bəhanə var: “Bu, mənim qurduğum komanda deyil”. Gələn yayda isə o, artıq özü burada olmayacaq. Belə bir durumda ümid yenə də “Qarabağ”adır. Təki mən yanılım”.
Kənan Məstəliyev (“rekord.az”)
“Rəqibləri və komandaların iştirak etdikləri turnirləri nəzərə alanda “Sabah” və “Qarabağ”ın gələn mövsüm avrokubokların qrup mərhələsində oynamaq şansının daha çox olduğu görünür. “Sabah”ın rəqibi bu dəfə daha güclü oldu. “Çelye” rəqiblər arasında bəlkə də, ən güclüsüdür. Çünki komanda son mövsümdə Konfrans Liqasının 1/4-nə qədər irəliləmişdi. Hədəfləri də bu dəfə daha böyükdür və bu uğuru Avropa Liqasında da davam etdirmək istəyirlər. İddialı və istəklidirlər, lakin keçilməz deyillər. “Sabah” bu turu keçərsə, düşünürəm ki, Konfrans Liqasını böyük mənada təmin etmiş olacaq. Olmasa belə, hələ ki, şanslar var. “Sabah” heyətini gücləndirəcəyi və yeni baş məşqçinin rəhbərliyi altında uğurlu start verəcəyi halda, qrup mərhələsində oynamaq şansı var.
“Zirə”nin rəqibi də çox güclüdür. Düşünürəm ki, şansları çox azdır.
“Araz-Naxçıvan”ın isə keçmək şansı var. Düşünürəm ki, “Aris”, bəli, Yunanıstan komandasıdır, lakin “Araz-Naxçıvan” da heyətini yaxşı gücləndirib. Ən azı komanda “Aris”i keçmək potensialına malikdir. Amma bundan sonra püşkatmada hansı klubun gəlməyindən çox şey asılı olacaq.
“Qarabağ”a gəldikdə isə, komanda mübarizəyə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayır. Rəqib Ağdam təmsilçisinə görədir və düşünürəm ki, klub ən azı Avropa Liqasının qrup mərhələsində oynamağa qadirdir. Lakin Çempionlar Liqasına düşmək bir o qədər çətin olacaq. “Qarabağ”ın heyətini mütləq şəkildə gücləndirməsi lazımdır. Qarşıdakı iki həftə ərzində lazım olan mövqelərə, xüsusilə, müdafiənin mərkəzi və hücuma yeni oyunçular transfer edilərsə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oynamaq şansı artar. Ancaq Çempionlar Liqası üçün bəxti gətirməlidir, çünki bu məsələdə püşkatma xüsusi rol oynayacaq. Çempionlar Liqasının formatı dəyişildikdən sonra əhəmiyyəti daha da artıb və rəqabət çox güclənib. Nəticədə, avrokuboklarda daha çox şansı olan komandalardan “Sabah” və “Qarabağ”ı görürəm”.
İlkin Vaqifoğlu (“sportinfo.az”)
“Açığı, hər dörd klubun avrokuboklarda nəticə qazanacağına inanmaq bir az çətin məsələdir. Birinci növbədə rəqiblərə baxmaq lazımdır. “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”a kifayət qədər ciddi rəqiblər düşüb. Komandalar özünü həqiqətən də Avropada tanıdıb və kifayət qədər avrokubok təcrübələri var. Mən əlbəttə, istərdim ki, bizim bütün klublar qrup mərhələsinə vəsiqə qazansın. Hər üç klubumuz heyəti gücləndirmək üçün transfer bazarında nələrsə etməyə çalışır. “Araz-Naxçıvan” bu mənada daha fəaldır. Güman edirəm ki, “Sabah” və “Zirə” də bu istiqamətdə mühüm addımlar atacaq.
Açığı, bizim klubların ilk mərhələdə bəxti gətirməyib və buna görə də, düşünürəm ki, hazırda əsas bu mərhələni keçməkdir. Hər üç klubumuz bu mərhələni keçsə, onlar pley-offa qədər gedib çıxa bilərlər.
“Qarabağ”a gəldikdə isə, burada vəziyyət bir az fərqlidir. Azarkeşlərin onlardan gözləntiləri daha çoxdur. “Qarabağ” hələ ki, adlı-sanlı, komandanı idarə edə biləcək futbolçular transfer etməyib. “Qarabağ” birinci mərhələni keçsə, artıq Konfrans Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanacaq. Amma hamı Ağdam təmsilçisindən Çempionlar Liqasının qrup mərhələsini gözləyir. Məncə, 2017-ci ildən sonra bunu bir daha etmək olar. Sadəcə bu, həm transferlərdən, həm də rəqiblərdən asılıdır.
Bütün klublarımıza avrokuboklarda uğurlar arzu edirəm, çünki bu, böyük bir prestij məsələsidir. Klublarımız nə qədər çox mərhələ keçsə, bu, ölkəmizin aktivinə xeyli xallar yazılacağı və reytinqimizin yüksəlməsi deməkdir”.
Mehman Süleymanov (“presssport.az”)
”Mənim fikrimcə, yenə də ən şanslı “Qarabağ”dır, çünki komandanın böyük təcrübəsi var. Rəqib istənilən halda irlandiyalılar olacaq. Ağdam təmsilçisi bu rəqibi keçəcəyi halda, artıq Konfrans Liqasının qrup mərhələsini qarantiya edəcək. Amma biz Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində olmağı arzu edirik.
“Zirə” ilə “Araz-Naxçıvan”ın işi bir qədər çətindir, çünki onlar mübarizəyə ikinci mərhələdən başlayacaqlar. Rəqiblərin güclü olması və məğlub olduqdan sonra turnirdən uzaqlaşacaqları işləri bir qədər çətinləşdirir. Amma digər tərəfdən, hər iki komandanın baş məşqçisi təcrübəli mütəxəssisdir. Bu, böyük üstünlükdür. Bu mənada “Zirə”dən daha çox şey gözləyirəm. Çünki komandanın “Araz-Naxçıvan”la müqayisədə daha böyük üstünlüyü var.
“Sabah” Avropa Liqasında bizi təmsil edəcək və Konfrans Liqası təmsilçilərimizdən üstünlüyü ondadır ki, ən azı 4 oyunu qarantiləyib. Burada mübarizəni dayandırsa belə, Konfrans Liqasına yollanacaq. Rəqib son mövsümlərdə avrokuboklarda uğurlu çıxış etmiş komandadır. “Sabah”ı geri salan əsas məqam isə yeni baş məşqçinin gəlməsidir. Litvalı mütəxəssisin avrokuboklarda böyük təcrübəsi olsa da, onun futbol fəlsəfəsini komandaya aşılaması üçün vaxt lazım olacaq. Bu gedişat isə avrokuboklarda baş tutacaq və komandanın buna öyrəşməsi “Sabah”ın qrupa düşüb-düşməyəcəyini göstərəcək. Fikrimcə, “Sabah”ın qrupa düşmək şansı heç də az deyil, çünki komandanın potensialı yaxşıdır”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



