“Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı “İmarət”də keçirəcəyik”

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunun ağır keçəcəyini bilirdik. Sıx qrafik və süni meydança amili var idi. Amma bu gün 1 xal qazandıq”.

Rəhmanov ötən gün baş tutan Ağdama səfərin komandaya müəyyən qədər təsir etdiyini söyləyib: “Yorğunluq oldu. Amma Ağdamın alınmasına görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı “İmarət”də keçirəcəyik”.

Zədəlilərin durumuna da toxunan mütəxəssis onların fərdi məşqlərə başladığını deyib: “Abbas Hüseynov Türkiyədədir. Bədavi Hüseynov məşqlərdə iştirak edir. Rahil Məmmədovla Maksim Medvedev hələ ki, ölkə xaricindədirlər. Sabah test verəcəklər. Ondan sonra məsələyə aydınlıq gələcək”.

Məşqçi ikinci hissədə meydana daxil olan Mahir Emreli ilə Abdullah Zubirdən istədiyi effekti aldığını söyləyib: “Onların meydana girməsindən sonra qol da vurduq. Rəqibi də qeyd etmək lazımdır. Çox ağıllı kollektivdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button