“Ümid edirəm ki, nə “Kəpəz”, nə də “Turan Tovuz” indiki heyətlə oynayacaq” – Müsahibə

AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

– Şahin bəy, bu mövsüm Premyer Liqada bütün bombardilər legionerlər oldu. Sizcə, azərbaycanlılar niyə qol vura bilmirlər?

– Doğrudur, demək olar ki, 90 faiz legionerlər bombardirlik uğrunda mübarizə aparırdılar. Bunun əsas səbəbi isə uşaq futbolundan, aşağı yaş qruplarından gələn individual futbolçuların az olması ilə əlaqədardır. İndividual futbolçular yetişdirməkdə problemlərimiz var.

Bizdə komandaların oyun heyətləri müdafiədə daha çox 6+5 sisteminə uyğun olaraq, qapıçı da daxil olmaqla arxa xətt oyunçuları yerlilərdən təşkil olunur. Qabaqda isə individual keyfiyyətli futboçular oyunun taleyini həll edirlər. Yəni qabaqda daha çox legionerlər oynayır, bütün klublarda 90 faiz belədir. Bombardirlər də elə qabaqda olan oyunçulardır. Bir sözlə, bugünkü problemlər keyfiyyətli futbolçuların yetişməməsindən qaynaqlanır.  

– “Neftçi”nin də bu mövsüm uğurlu çıxış etdiyini demək çətindir. Azarkeşlər bunun günahını baş məşqçi Samir Abasovda görüb, istefasını tələb edirlər. Sizcə, problemin əsas səbəbi nədir?

– “Neftçi” ayrıca bir klubdur. Komandada olan problemləri onun içərisində olanlar daha yaxşı bilirlər. Lakin mən uğursuz deməzdim, ikinci yeri tutublar. Amma düzdür, komanda uğursuz çıxış edibsə, baş məşqçi cavabdehdir. Lakin yalnız baş məşqçini günahlandırsaq, problemlər aradan qalxmayacaq. Dediyim kimi, komandanın daxilində müəyyən problemlər olduğu üçün uğursuz nəticəyə gəlib çıxır. Lakin o problemləri biz görmürük. Bu səbəbdən, biz təkcə baş məşqçini, ya da, klub prezidentini, futbolçuları günahlandırsaq, doğru yerə çıxmayacağıq. Bunlar bir-biriylə əlaqəli zəncirvari prosesdir. Komanda zəifdirsə, günahı bir yerdə yox, hər yerdə axtarmaq lazımdır. Baş məşqçini günahlandırmaqla işin yaxşı tərəfə gedəcəyinə inanmıram.

– Növbəti mövsümdən “Turan Tovuz” Premyer Liqada oynayacaq. Sizcə, komandanın yeni baş məşqçisi kim olmalıdır? Əsas namizəd Ayxan Abbasov göstərilir.

– Artıq məlumdur ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov olacaq. Bu səbəbdən, başqa bir namizəd haqqında danışmaq doğru deyil. Ayxan Abbasova və “Turan Tovuz”a uğurlar arzulayıram.

– Birinci divizionda 7-ci yeri tutan “Kəpəz” və 10-cu olan “Turan Tovuz” Premyer Liqada nəyə ümid edə bilər?

– Həm Tovuz, həm də Gəncə idman prinsipləri əsasında güclülər dəstəsinə qalxmayıb. Lakin burada lisenziya məsələsi var. Lisenziyalara cavab verdikləri üçün Premyer Liqaya gəliblər. 7-ci, 10-cu yer nə “Turan Tovuz”a nə də “Kəpəz”ə yaraşır. Ümid edirəm ki, bu heyətlə yox, daha güclü heyət, güclü futbolçularla Premyer Liqada olacaqlar. Tovuz da, Gəncə də futbolda hər zaman öz sözünü deyib. Futbol şəhərləridir və bu komandaların qayıtması sevindirici haldır. Ümid edirəm ki, nə “Kəpəz”, nə də “Turan Tovuz” indiki heyətlə oynayacaq. Güclənmiş heyət olmalıdır. Premyer Liqada tamam başqa ab-hava var, səviyyə daha üstündür. Bunu hər iki komandanın rəhbərliyi, baş məşqçiləri bizdən də yaxşı bilirlər. Ona görə, ciddi hazırlaşmalıdırlar. “Kəpəz” və “Turan Tovuz” çempionata rəng qatacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button