“Şaxtyor”a vurduğum qolu anama həsr edirəm” – Azərbaycan millisinin hücumçusu

Ukraynanın “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 6-cı turunda “Şaxtyor”a (Donetsk) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “meta-ratings.com.ua” saytına istinadən xəbər verir ki, qarşılaşmada komandasının yeganə qolunu vuran hücumçu, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Minay”ın baş məşqçisi Vasili Kobin bizi oyuna elə hazırlamışdı ki, “Şaxtyor”a qarşı maksimumuzu göstərməliydik. Kompakt hərəkət edib, rəqibin ara ötürmələrilə müdafiəmizi yarmasına imkan verməməliydik. Məncə, biz sınaqdan keçdik və kifayət qədər güc sərf edib bərabərə qala bildik. Amma rəqibin də 18-ci dəqiqədən meydanda 10 nəfərlə qalmasını demək lazımdır.

Əlbəttə ki, Premyer Liqada qol hesabımı açdığıma görə şadam. Özü də bunu Ukrayna futbolunun qrandlarından olan “Şaxtyor”a qarşı matçda etməyim məni ikiqat sevindirir. “Şaxtyor”a vurduğum qolu anama həsr edirəm. İkinci dəfə vuracağım qolu isə mənim ən sadiq azarkeşim olan atama həsr edəcəm. Yeri gəlmişkən, bunun sentyabrın 1-də olmasının əlehinə deyiləm. Həmin gün Azərbaycan millisi Lüksemburqa qarşı oynayacaq.

Sabah Lvovdan Frankfurta uçacam. Ordan isə oyunun keçiriləcəyi şəhərə yollanacam. Daha sonra bizim İrlandiya və Portuqaliya millisinə qarşı vacib oyunlarımız var. Səbirsizliklə həmin oyunları gözləyirəm”.

Rüstəm Əhmədzadə Azərbaycan milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button