Ukraynalılar Timoşuku rəsmən sildilər
Ukrayna milli komandasının keçmiş futbolçusu Anatoli Timoşuk ölkənin futbol tarixindən rəsmən silinib.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) Etika və Ədalətli Oyunlar Komitəsi qərar qəbul edib. Rusiyanın “Zenit” klubunda məşqçi kimi çalışan Timoşuk UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyasından məhrum edilib.
Onun bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacaq. Timoşuk Ukrayna çempionatının, ölkə kubokunun və Ukrayna superkubokunun qalibi kimi bütün titullardan da məhrum edilib. Həmçinin, onun adı milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin