“UFC-da qüvvəmi sınayacağıma ümid edirəm” – “Qəbələ”nin üzvü
Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov ABŞ-da keçirilən təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, Abbasov vətənə döndükdən sonra hazırlıq prosesi barədə fikirlərini “Qəbələ”nin rəsmi saytına açıqlayıb:
“ABŞ-dakı təlim-məşq toplanışı yaxşı keçdi. Buradakı iştirakım klubun meneceri və baş məşqçisinin dəvəti ilə gerçəkləşdi. Hazırlıq bir sıra tanınmış idmançılar da iştirak edirdi. 77 kq çəki dərəcəsində UFC versiyası üzrə çempion titulunun sahibi Kamaru Usman da onlar arasında idi. 70 kq və 81 kq kateqoriyalarında çıxış edən güclü idmançılar da toplanışa qatılmışdılar. ABŞ-dakı hazırlıq çərçivəsindəki məşq prosesi bizdən fərqlənmir. Amma orada sparrinq üçün sınaqçı rəqiblərin güclü olması böyük üstünlükdür. Həm də okeanın o tayında əl və ayaq texnikasına hesablanmış məşqlər də keçirilir”.
Bəxtiyar yaxın müddətdə yenidən Şimali Amerikaya yollanacağını da bildirib:
“ABŞ-da daha bir hazırlıq prosesi olacaq. Bu toplanış səkkiz həftə, yəni iki ay çəkəcək. Aprelin əvvəllərində növbəti toplanışın vaxtı dəqiqləşəcək. Yəqin ki aprelin ortalarında orda olacam”.
Abbasov ABŞ-da hazırlıq keçməsinin səbəbini də açıqlayıb. O, dünyanın ən nüfuzlu əlbəyaxa döyüş növləri üzrə versiyaları UFC və Bellatorda qüvvəsini sınamaq imkanı qazanacaq:
“UFC və Bellator versiyaları üzrə döyüşlərin təşkilatçıları bütün göstəricilərimlə maraqlanıblar. Hətta tibbi müayinədən də keçmişəm. UFC-da qüvvəmi sınayacağıma ümid edirəm. Çünki toplanışı izləyən menecerlər də mənim hazırlığımı bəyəndilər. Bu yarışa da ABŞ-da hazırlaşacam”.
Bizi Facebook-da izləyin