UEFA PSJ-nin prezidentinə intizam işi açdı
UEFA Fransanın PSJ klubunun prezidenti Nasser Əl Xəlaifi və idman direktoru Leonardoya intizam işi açıb.
Komanda.az xəbər verir ki, buna klub rəsmilərinin Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”la (İspaniya) cavab oyunundan sonra etdiyi hərəkətlər səbəb olub.
Klub rəsmiləri barədə yekun qərar baş verən hadisələr ətraflı araşdırıldıqdan sonra qəbul ediləcək.
Ərəb iş adamı qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib. O, “Santyaqo Bernabeu” stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən “Real”ın nümayəndəsi Karlos Davilanın otağına girib. PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bilib.
Leonardo isə niderlandlı FIFA referisi Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlədib.
İki oyunun nəticəsinə əsasən 2:3 hesabı ilə uduzan PSJ ÇL-də mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin