“Geri qayıtdılar və bilirəm ki, Avropa futboluna verəcəkləri çox şey var” – Çeferin
UEFA-nın prezidenti Aleksander Çeferin İngiltərə klublarının Avropa Super Liqasından çəkilmələrinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, BBC-yə danışan sloveniyalı funksioner, bunları deyib:
“Geri qayıtdılar və bilirəm ki, Avropa futboluna verəcəkləri çox şey var. İndi önəmli olan irəliləməyimiz və əvvəlki birliyi bərpa etməkdir”.
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.
UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.
Bizi Facebook-da izləyin