UEFA Kubokunun oyununa “Real”ın forması ilə gedən Azərbaycan klubu Yazı+FOTOLAR

Azərbaycan futbolunun “peraşki dövrü” adlanan bir dövrü olub. Həmin dövrdə ölkə futbolunda indi olduğu kimi pullar olmayıb, futbolçular səviyyələrindən qat-qat artıq pullar qazanmayıblar.

Sizə 1998-99-cu illər mövsümündə Bakının “Dinamo” klubunun başına gələn bir əhvalatı nəql edəcəyik…

“Dinamo” həmin mövsümdə, UEFA Kubokunun 1-ci təsnifat mərhələsində Rumıniyanın “Arceş” klubu ilə üz-üzə gəlməli olur. Heyətində sonradan dünya futbolunun ulduzlarından birinə çevriləcək Adrian Mutunun da olduğu “Arceş”lə oyunlar Bakı komandası üçün yaxşı başa çatmır – ilk oyunda 1:5, cavab matçında 0:2 hesablı məğlubiyyət.

Adrian Mutu “Arceş”də

“Dinamo” ilk oyunu səfərdə keçirməli olur. Həvəskar səviyyədə keçirilən Azərbaycan çempionatını yola verən, necə gəldi geyinən, forma dəstləri olmayan “Dinamo” Rumıniya səfərindən əvvəl əməlli-başlı çətinliklə üzləşir. Komanda bir neçə gündən sonra UEFA Kubokunun oyunu üçün səfərə çıxmalıdır, amma normal səviyyədə forması yoxdur. Klub rəhbərliyi Azərbaycan çempionatında çıxış edən başqa komandalara yardım üçün müraciət edir. Ancaq heç kim kömək etmir. Axı onların özləri də elə “Dinamo”nun günündədir; heç bir klubda tam olaraq geyim dəstləri yoxdur. Hadisəni nəql edən “Dinamo”nun o vaxtkı rəhbəri Yaşar Seyidov məcbur olub, həmin dövrdə “Gənclik” metrostansiyası tərəfdə yerləşən ticarət mərkəzinə üz tutur. Seyidov bir-bir dükanları gəzir, amma “Arceş” qarşısına çıxmaq üçün normal forma tapa bilmir. Dükanların birində eyni dəstdən 7, başqasında eyni dəstdən 9 forma satılır və sair. Bu isə işə heç yaramır. Seyidov danışır ki, dükanların birində nəhayət, istədiyi sayda forma dəsti tapır. Ancaq… Formalar İspaniyanın “Real” klubunun formaları olur. Başqa çarəsi olmayan klub rəsmisi formaları alıb gətirir. Maykaların üzərində olan “Real”ın loqolarının üzərinə “Dinamo”nun loqosu yapışdırılır. Çantalar isə elə “Real”a aid olur – Madrid klubunun rənglərini əks etdirir, üzərində də loqolar, nişanlar…

Və “Dinamo” Rumıniyaya, “Arceş”lə oyuna yola düşür. Seyidov danışır ki, onlar qarşılaşmanın keçirildiyi şəhərə çatıb, ayaqlarını torpağın üzərinə basandan az sonra ətrafda çoxalmaqda olan insanları görəndə təəccübləniblər. Nə baş verir? İnsanların onlara heyrətlə baxdığını görən Seyidov, rəqib komandanın nümayəndəsindən nə baş verdiyini soruşur. Piteşti klubunun nümayəndəsi deyir ki, bizim azarkeşlər sizin komandanı görüb, elə düşünürlər ki, bura “Real” gəlib, bu ajiotaj da ona görədir…

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button